18 yaşlı Namaz Hadıyev belə bir ağır cinayətə imza atmasının səbəbini istintaqçılara danışıb. O deyib ki, ailələri Mingəçevir şəhəri, Üzeyir Hacıbəyov küçəsi 80/55 ünvanında yaşayırlar. Bacısı Gövhər 2014-ci ildə evdən qaçıb. Sonradan onun Bakıda yüngül əxlaqlı qadınlara qoşulması haqda məlumat alıb. N.Hadiyev deyib ki, bacısını axtarsa da, tapıb onu evə qaytara bilməyib. İyulun 4-də isə telefonuna gizli nömrədən zəng gəlib. Dəstəyi qaldıran N.Hadıyev bacısının səsini eşidib. G.Hadıyeva qardaşına deyib ki, evdən qaçdığına görə çox peşmandır, bağışlanılmasını və evə qayıtmasına icazə verilməsini istəyir. N.Hadıyev bacısına deyib ki, onu bağışlayır. Bundan sonra G.Həsənova evə qayıtmağa pulunun olmadığını deyərək Bakıda, Biləcəri qəsəbəsində olduğunu söyləyib. N.Hadıyev Bakıya gələrək bacısı ilə Biləcəridə görüşüb və taksi tutaraq Mingəçevirə yollanıblar. N.Hadıyev istintaqçılara deyib ki, bacısı ona zəng edəndən sonra o namusunu təmizləmək qərarını verib və belə qərara gəlib ki, bacısını evə gətirmək adı ilə taksiyə oturdub yola çıxacaq, yolda uyğun yer tapıb onu taksidən düşürəcək və öldürəcək. Belə bir yer kimi o, Hacıqabulun Qızılburun kəndinin ərazisini seçib. Ərazidə arabir maşın ötürmüş, gediş-gəliş az olub. Bunun üçün yolda taksi sürücüsü ilə qəsdən mübahisəyə girişib və Qızılburun kəndi ərazisində sürücüdən maşını saxlamağı tələb edib. Sürücü ilə hesablaşandan sonra onun ərazidən uzaqlaşmasını gözləyib.
Taksi gözdən itəndən sonra isə N.Hadıyev cibində gizlətdiyi bıçağı çıxararaq bacısına hucum edib. Onu öldürdükdən sonra meyidin üzərinə kol-kos yığaraq yandırıb və heç nə olmamış kimi Bakıya gəlib. Lakin gözü önündən bacısının yalvarışları, ondan aman diləməsi səhnəsi çəkilməyib. Qətldən 2 gün sonra polisə müraciət edən N.Hadıyev törətdiyi əməli etiraf edərək, üzərindən namus ləkəsini təmizlədiyini söyləyib.
Faktla bağlı hacıqabul Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.