Karusel (5-12-2014, 23:34)
Səlim Müslümovun bu ailədən xəbəri yoxdurmu? - Astara sakininin həyat dramı - «İşıqpulunu bir ay verirəm, bir ay yox»
Dərddə gələndə batmanla gəlir. Bu atalar məsəlini elə bil ki, Astara rayonun Ərçivan qəsəbəsində yaşayan İmaməliyevlər ailəsi haqqında deyiblər. Ailənin 7 üzvündən biri, 16 yaşlı Məhəmməd ikinci qrup əlildir. Valideynlərinin dediklərinə görə, onun 1 yaşında olarkən iki ayağı da tutulub. O vaxtdan bəri evdən bayıra çıxmır. İki ildir ki, müalicə də ala bilmir. Səbəb isə kasıbçılıqdır . Anası Gülarə İmaməliyeva artıq maddi imkanların tükəndiyini bildirir:
«BİRİ MƏNƏ YARDIM DURSUN Kİ, UŞAĞIMI MÜALİCƏ EDİM»
«İmkanım yoxdur, biri mənə yardım dursun ki, uşağımı müalicə edim. Ailənin 7 üzvü var, çatdırmaq olmur. Mənə uşağımın yeriməsini istəyirəm. Həkimə göstərmək , müalicə etmək lazımdır. Mümkünümüz yoxdur».
Ana deyir ki, bir neçə il bundan əvvəl xəstə oğlunu Bakıya aparıb. Orda ona deyiblər ki, müalicə olunsa, ayağı açılar. Bunun üçünsə, az da olsa, xərc lazımdır:
«HƏKİM DEYİR Kİ...»
«Heç kim mənə indiyə kimi köməklik etməyib. Öz zəhmətimlə aparmışam, indi imkanım yoxdur. Bəzi yerlərdə müalicə var. Rəştdə var, Ərdəbildə var. Türkiyədə yaxşı müalicələr gedir. O vaxtı aparırdım 300-400 dollar pulum çıxdı. İndi bilmirəm nə qədər çıxar? Həkim deyir ki, müalicə edildikdən sonra əməliyyat da mümkündür».
Ana deyir ki, evində yalnız bir nəfər həyat yoldaşı işləyir, fəhləliklə məşğuldur. Çox vaxtı da iş olmur. Ərinin əldə etdiyi cüzi qazanc çörəyə güclə çatdır:
«HEÇ UŞAQ ÜÇÜN YARDIM VERİLMİR»
«Nə pensiya alıram, nə sosial yardım. Bir dənə yoldaşımdır, orda-burda işləyir, bizi saxlayır. Heç uşaq üçün yardım verilmir. İndiyə kimi yardım almamışam».
Adil İmaməliyev
Ata Adil İmaməliyev isə deyir ki, uşağının hərəkət etməsi üçün kustar qaydada dəmirdən dayaq düzəldib:
AİLƏNİN ƏLİL ARABASI ALMAĞA İMKANI YOXDUR...
«Bir dəfə əlil arabası almışam. Onun o vaxtı 6-7 yaşı var idi, indi 15 yaşı var. Özüm bir şey düzəltmişəm həyətdə hərəkət edir, yeriyir. Ondan sonra heç nə yoxdur. Deyirlər əl arabasını bir dəfə verirlər. Mən də müraciət eləmədim. İmkanım yoxdur, imkanım olsaydı, alardım. İmkanım olsaydı, müalicəyə aparardım. Müalicəyə apara bilmirəm».
15 yaşlı Məmməd İmaməliyev isə deyir ki, çölə-bayıra çıxa bilmədiyi üçün dostları da yoxdur. Uşağın sözlərinə görə, müəllim evdə ona dərs keçir. Onuncu sinifdə oxuyur, pis də oxumur. Həkim olmaq istəyir. Ən böyük arzusu müalicə alıb ayağa durmaqdır:
YERİMƏK VƏ HƏKİM OLMAQ İSTƏYİR...
«Birinci istəyim yerimək və həkim olmaqdır. Adam bu vəziyyətdə olanda, dostu ola bilməz. Evdə əyləşirəm, daim evdəyəm. Həyətdə gəzirəm».
İmaməliyevlərin yaşadığı ev soyuqdur. Nə işıq yanır, nə də təbii qaz. Gülnarə İmaməliyeva deyir ki, pul ödəməyə imkanları yoxdur.
AİLƏ MADDİ İMKANSIZLIQDAN İŞIQSIZ VƏ QAZSIZ QALIR...
«O birisi ay keçib, mən qaz pulu verməmişəm. İmkanım yoxdur. O pensiya alır, onun pensiyası ilə dolanıram. Heç iş də olmur. Ayda iki, üçiş olur onunla dolanıram. Yoxdur. Vəziyyətim pisdir. Mən utanıram, heç nə yandırmaq istəmirəm. Ona görə ki, yazır, onu verə bilmirəm. İmkanım olsaydı, yandırardım. Yoxdur imkan. 60 manatı mən haradan gətirim verim? Mən onu yandırdım, verə bilmədim, gəlirlər kəsirlər. İstəyirsən xəstə uşaq olsun, istəyirsən öl. Deyirəm xəstə uşağım var. Deyir kəsməliyəm. İşıqpulunu bir ay verirəm, bir ay yox. Olur 10 manat. Mühərriki çıxartmışam. Ancaq qaz məndə çox yazır. Yandırsam, pulunu verə bilmərəm».
«İşıqpulunu bir ay verirəm, bir ay yox»
İmaməliyevlərin qonşusu Vaqif Əhmədoğlu deyir ki, qəsəbədə belə əlillər çoxdur. Onlara dövlət qayğısı vacibdir:
«BEYNƏLXALQ ƏLİLLƏR GÜNÜNDƏ BU AİLƏYƏ YARDIM EDİLMƏYİB»
«Məhəmməd adlı uşağın yanına gəlmişik, bir neçə dəfə olmuşam yanında. Cüzi miqdarda köməklik göstərsələr, onun yerimək ehtimalı çoxdur. Belə xəstələr Ərçivan kəndində çoxdur. Dövlət və ya başqa bir təşkilat yardım eləsə, əminəm ki, yeriyə biləcək. Belə uşaqları dövlət özü axtarıb tapmalıdır. Məhəmməd kimilər bu kənddə, bu rayonda yüzlərlədir. Maraqlı budur ki, beynəlxalq əlillər günündə bu ailəyə, azca da olsa, yardım edilməyib».
Məhəmməd İmaməliyev əlilliyə görə dövlətdən ayda 60 manat təqaüd alır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Astara şöbəsinin müdir əvəzi Gültəkin Əliyeva deyir ki, rayonda 2205 nəfər sosial pensiya alır. Onlardan 1056 nəfər əlildir. Bunlarında 47 nəfəri 18 yaşına çatmamış əlillərdir. Gültəkin Əliyevanın sözlərinə görə, 18 yaşına çatmamış əlillərin ailəsində 5 nəfərdən çox üzvü varsa, onlara 30 manat yardım edilir. Məmmədəliyevlərin ailəsi isə bildirir ki, bu yardımı almırlar.