Karusel (21-10-2014, 15:11)
Baba Tağıyev Azərbaycanı tərk edib?
“Mən Azərbaycanda doğulmuşam, Azərbaycanda yaşayıram, Azərbaycanda da öləcəm”
Editor.az-a Milli Məclisin keçmiş deputatı, “Avropa Qapıları” ASC-nin sədri Baba Tağıyevin ölkəni tərk etməsi, xarici ölkələrdən birində biznes fəaliyyəti ilə məşğul olmasına dair informasiya daxil olub.
İnformasiyada qeyd olunur ki, sabiq millət vəkili “Avropa Qapıları” ASC və digər biznes strukturlarını sataraq, birdəfəlik Azərbaycanı tərk edib.
Editor.az yayılan informasiyaya aydınlıq gətirmək üçün Milli Məclisin keçmiş deputatı, “Avropa Qapıları” ASC-nin sədri Baba Tağıyvein özü ilə söhbətləşib.
Sabiq millət vəkili bildirib ki, onun ölkəni tərk etmək niyyəti yoxdur: “Mən niyə Azərbaycanı tərk etməliyəm? Mən Azərbaycanda doğulmuşam, Azərbaycanda yaşayıram, Azərbaycanda da öləcəm. Heç yerə getmək fikrim də yoxdur”.
“Xaricdə biznes fəaliyyəti ilə məşğul olmağınız xəbəri doğrudurmu” sualına cavabında Baba Tağıyev bu barədə danışmaq istəmədiyini deyib.
Xatırladaq ki, Baba Tağıyev ötən çağırış Azərbaycan Parlamentinin deputatı olub. Vaxtilə Milli Məclisin plenar iclasında deputatlar Hüseyn Abdullayevlə Fəzail Ağamalı arasında qalmaqal yaranan zaman icazəsiz tribunaya qalxıb çıxış etməyə cəhd etməsi ilə gündəmə gəlmişdi.