Karusel (25-09-2014, 22:50)
İcbari tibbi sığorta pilot şəkildə həyata keçiriləcək
Elsevər Ağayev: “Biz artıq uyğun modeli seçdiyimizi düşünürük”
“Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı hazırlıq işləri gedir".
“Həftə içi”nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. O bildirib ki, icbari tibbi sığorta əvvəl pilot şəkildə həyata keçiriləcək, sonra isə bütün respublikanı əhatə edəcək: "Yaxın zamanlarda bunu tətbiq edəcəyik. Bəzi ölkələrdə bunun tətbiqi əvvəlcə problemlə qarşılanıb. Bəzilərində isə tətbiq edildikdən sonra imtina edilib. Bütün bunları nəzərə alaraq biz bu işə elə başlamaq istəyirik ki, sonradan problemlə üzləşməyək. Biz artıq uyğun modeli seçdiyimizi düşünürük. Qanunvericilik bazası da hazırdır".
Nazir müavini öz açıqlamasında ailə həkimi məsələsinə də toxunub və Azərbaycanda bu təcrübənin olduğunu bildirib: "Artıq bir neçə ildir ki, Azərbaycanda ailə həkimi hazırlanır. Gələcəkdə bu iş daha geniş vüsət alacaq. Xüsusən də tibbi sığorta tətbiq edildikdən sonra ailə həkimləri öz funksiyasını daha yaxşı göstərəcək".
Elsevər Ağayev ölkədə ana ölümlərinə də aydınlıq gətirərək deyib ki, bu hadisələr ilbəil azalır. Onun sözlərinə görə, Azərbaycanda ana ölümü göstəriciləri ildən-ilə aşağı düşür. Belə ki, 10 il əvvəl ana ölümü 34 idisə, ötən il bu rəqəm 25-ə enib.
Nazir müavini bildirib ki, bu ilin də 9 ayı ərzində isə 18 ana ölümü qeydə alınıb: “Hər bir ana ölümü Səhiyyə Nazirliyinin komissiyası tərəfindən araşdırılır. Bu cür ölüm faktları nazirliyi narahat edir. Günahı olan şəxslər isə cəzalandırılırr. Ana ölümü olmayan ölkələr yoxdur. Lakin biz bu rəqəmin aşağı olmasına çalışmalıyıq".
Elsevər Ağayev bununla bağlı əhaliyə həkimə vaxtında müraciət etmələrini, insanların, xüsusən də gənc anaların öz sağlamlığına diqqətlə yanaşmalarını tövsiyə edib:“İnsanlar da öz sağlamlıqlarına gərək diqqətlə yanaşsın, xüsusilə də gələcək analar diqqətli olmalıdır”.
O, həmçinin qeyd edib ki, Azərbaycan təbii artıma görə Avropa ölkələri arasında birinci yeri tutur: “Azərbaycanda artım əmsalı 12,8-dir. Bu da doğuşların sayının ildən-ilə artdığını göstərir. Ötən il ərzində ölkədə 170 mindən artıq uşaq doğulub”.