Karusel (10-07-2020, 15:03)
Qaçqınkom Özəl şirkətə əvəzsiz xidmət haqqı ödədi
Hesablama Palatası 2020-ci ilin İş Planına uyğun olaraq, dövlət büdcəsindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ("Qaçqınkom") ayrılan vəsaitlərin icrasına dair uyğunluq auditi aparıb.
Mediatv.az bu barədə ali audit qurumuna istinadən xəbər verir.
Məlumata görə, audit nəticəsində məlum olub ki, Komitə malların (işlərin və xidmətlərin) satın alınması zamanı ümumi məbləği 118,5 min manat olan satın alınacaq malların ehtimal olunan qiymətlərini müəyyənləşdirməyib, aparat xərcləri üzrə satınalma keçirilmədən 20,2 min manat vəsait xərc edib, həmçinin 9,3 min manat məbləğin xərc paraqraflarını, 35,5 min manat məbləğin isə funksional təyinatını dəyişdirərək xərc edib, Qobustan rayonunda məskunlaşmış məcburi köçkün ailələrinin içməli su təminatını "Azərsu" ASC həyata keçirdiyi halda özəl təşkilata 8,5 min manat xidmət haqqı köçürüb.
Komitədə elektron informasiya bazasının yaradılması və bazanın işinin təkmilləşdirilməsi ilə bağlı işlər aparılsa da, müəyyən edilib ki, 2019-ci ilin dekabr ayında 33 manat vahid aylıq müavinət alan 10 741 nəfər məcburi köçkünün adı kommunal xərclər ödənilən məcburi köçkünlərin adlı siyahılarında, sıx məskunlaşma yerlərində yaşayan 9 879 nəfər məcburi köçkünün adı isə vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarında göstərilməyib, 2910 nəfər məcburi köçkünün adı isə həm kommunal xidmət haqları dövlət hesabına mərkəzləşmiş qaydada ödənilən kontingent üzrə adlı siyahılara, həm də kommunal xidmət haqlarını özləri ödəyən məcburi köçkünlərin adlı siyahılarına salınıb, 60 manat məbləğində aylıq müavinət alanların siyahısında göstərilmiş 433 nəfər üzrə isə 201,7 min manat müxtəlif kommunal xidmətləri haqqı ödənilib.
2019-cu ilin dekabr ayı üzrə kommunal xidmət haqları dövlət hesabına mərkəzləşdirilmiş qaydada ödənilən 665 məcburi köçkünə 33 manat əvəzinə 60 manat aylıq müavinət ödənilməsi nəticəsində 287 min manat artıq vəsait xərclənib, bir sıra hallarda müavinət alan məcburi köçkünlərin adlı siyahılarında göstərilmiş müavinətin aylıq məbləği ilə onların bank filiallarında açılmış plastik kart hesablarına köçürülmüş aylıq məbləğlər arasında fərqlər müəyyən edilib.
Ümumilikdə 40 məcburi köçkünün bank hesablarına vəfat etdiyi tarixdən sonra da müavinət ödənişləri davam etdirilərək 9 588,9 manat, qanunvericilikdə nəzərdə tutulmadığı halda dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası alan 261 məcburi köçkünə 248,8 min manat, aktiv sahibkarlıqla məşğul olduqları dövrlərdə 471 nəfər məcburi köçkünə 96,8 min manat vahid aylıq müavinət ödənilib, mənzil qanunvericiliyinə və yaxud mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən 1 513 nəfər məcburi köçkünə vahid aylıq müavinət ödənişi dayandırılmayıb.