Karusel (30-08-2014, 22:10)
Oğuzda yerli məmur sakinlərin narazılığına səbəb olur - özbaşınalıq...
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Oğuz Rayon Şöbəsində bir sıra ciddi nöqsanlar mövcud olduğundan rayon camaatı sözügedən idarənin rəhbərindən gileylənirlər. Qeyd olunur ki, DSMF-nin Oğuz Rayon Şöbəsinin müdiri Şirin Valehov işinin öhdəsindən layiqincə gələ bilmədiyindən rayon sakinləri müavinat alarkən süni əngəllərlə qarşılaşmalı olurlar.
Şirin Valehovun rəhbərlik etdiyi şöbədə vətəndaşların səbəbsiz yerə get-gələ salındığını, əhalinin incidilərək, haqlı-haqsız onlardan nələrsə istənildiyini qeyd edən şikayətçilər iddia edirlər ki, artıq oğuzlular DSMF-nin yerli şöbəsinə olan inamlarını tamamilə itirmək üzrədirlər: "Heç bir sənədə və iqtisadi göstəriciyə əsaslanmadan, ödənişlərin tətbiq edilməsi, əhaliyə zəhmli məktubların göndərilməsi, cərimə sanksiyalarının tətbiq olunması artıq Dövlət Sosial Müdafiə Fondunun Oğuz Rayon Şöbəsində adi hal alıb. Şöbənin müdiri Şirin Valehov maraqlarını təmin etmək, məqsədini reallaşdırmaqdan ötrü az qala hər vasitədən, hətta rayonun güc sturukturlarının adından da istifadə etməkdən çəkinmir". Oğuzda təqaüdlərin bəzi yollarla artırılmasına tez-tez rast gəlindiyini deyən rayon camaatının bildirdiyinə görə, şöbə müdiri özü birbaşa heç kimlə təmasda olmasa da, bu işi onun tabeçiliyində çalışan bəzi şəxslər həyata keçirirlər: "Heç şübhəsiz ki, təqaüdlərin bəzi yollarla artırılması qanunazidd əməl, dövlətə vurulan ziyan kimi qiymətləndirilməlidir. Lakin görünür, bu, Şirin Valehovu zərrə qədər də olsun maraqlandırmır. Əks halda Dövlət Sosial Müdafiə Fondunun Oğuz Rayon Şöbəsində heç kim "staj" artırmaqla məşğul olmazdı. Nəzərinizə çatdıraq ki, artıq təqaüd almaq arzusunda olanlar bu istəklərini çox asanlıqla reallaşdıra bilərlər. Bunun üçün Dövlət Sosial Müdafiə Fondunun Oğuz Rayon Şöbəsi tərəfindən irəli sürülən "şərt"lərə əməl etmək kifayətdir. Əminliklə deyə bilərik ki, əgər müvafiq dövlət orqanları tərəfindən Şirin Valehovun rəhbərlik etdiyi şöbənin fəaliyyəti yoxlanılarsa, o zaman bir sıra mətləblərin üstü açılar, kimlərin nə vaxt hansı əməllərə yol verdikləri hər kəsə bəlli olar".
Şikayətçilərin sözlərinə görə, rayonda ali savadlı, peşəkar kadrlar ixtisasları üzrə iş tapa bilməsələr də DSMF-nin Oğuz Rayon Şöbəsinin müdiri Şirin Valehovun yaxın adamları bacarığı oldu-olmadı müxtəlif nüfuzlu işlərlə təmin olunublar: "Şirin Valehov camaatın problemlərini həll etmək əvəzinə əhali üçün yeni-yeni qayğılar yaradır. Lakin bütün bunlara baxmayaraq, nədənsə heç kim ona irad tutmur, yol verdiyi nöqsanlara reaksiya vermir".
Şirin Valehovun Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyində təmsil olunan bəzi şəxslər tərəfindən himayə olunduğunu vurğulayan rayon sakinləri şöbə müdirinin bəzi əməllərinin ört-basdır edildiyini bildirirlər: "Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyində fondun Oğuz rayon şöbəsinin müdirinin əməllərini ört-basdır edənlər var. Şirin Valehovun himayəsinə arxalandığı digər şəxs isə Oğuz Rayon İcra Hakimiyyətində məsul vəzifədə çalışır".
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.