Karusel (10-11-2016, 21:14)
“Nikoil Bank”ın işçisi 53 yaşlı qadını həm aldatdı, həm də döyüb qovdu? – ŞİKAYƏT
Zaman-zaman müxtəlif banklar tərəfindən aldadılan, məhkəmə instansiyalarında isə haqlarını qoruya bilməyən vətəndaşlar müstəqil mətbuata üz tuturlar.
Mediatv.az xəbər verir ki, Qafqaz Xəbər Agentliyinə ərizə ilə müraciət edən Bakı şəhəri Nizami rayon sakini, 1963-cü il təvəllüdlü Fatma Heydər qızı Əliyeva bildirib ki, o, “Nikoil Bank”ın 9 saylı filialında baş mütəxəssis işləyən Azad Abıyev adlı şəxs tərəfindən aldadılıb və hətta zorakılığa məruz qalıb. Şikayətçinin sözlərinə görə, Azad Abıyevin saxtakarlığı üzündən, o evindən məhrum olub və “Nikoil Bank”indi onun mənzilini əlindən almaq istəyir: “Evimi təmir etdirmək və şəkər xəstəsi olan bacımın müalicəsi üçün 2014-cü il noyabrın 24-də həmin banka müraciət edib kredit ayırmağı xahiş etmişəm. Orda işləyən Azad Abıyev adlı baş mütəxəssis sənədlərə 12500 (on iki min beş yüz) manat yazmaqla, 10000 (on min) manat kredit verdi. Mən dedim ki, mənə 10 min lazımdır, o isə sənədlərə 2500 manat artıq yazdı və dedi ki, bu artıq məbləğ bankın xərcidir.
Məndən 400 manat da notarius xərci aldı, evimi banka girov qoyduq. Mənimlə ilk dəfədən mehriban davranmış, isti münasibət göstərmişdi. Mən də ona “oğlum” deyirdim və səmimiyyətinə inanırdım. Daha sonra evimin təmiri zamanı ortaya əlavə xərclər çıxdı, mən yenidən banka getdim. 2014-cü il dekabrın 18-də Azad Abıyevin yanına gedərək, 3 min manat da kredit ayırmalarını xahiş etdim. O dedi ki, sabah tezdən gəl, direktor Seymur müəllim burda olmayacaq, mən tələsik sənədləri hazırlayaram, gedərsən.
Dekabrın 19-da mənə 3 min manat verdi, amma sənəddə 24300 (iyirmi dörd min üç yüz) ABŞ dolları yazdı. Əlavə olaraq, məndən ikinci dəfə girov müqaviləsi üçün 400 manat notarius pulu alındı. Mən sevincək pulu alıb getdim evə, sənədlərə də baxmadım”.
O qeyd edib ki, növbəti ay banka pul ödəməyə gedəndə, ondan krediti manatla yox, dollarla ödəməyi tələb ediblər. “Mən işçidən səbəbini soruşanda, Azad Abıyev qolumdan tutub öz otağına çəkdi və dedi ki, “Fatma xanım, səndən üzr istəyirəm, mənim yadımdan çıxdı, sənə müqavilənin dollarla olduğunu demədim”. Onun dediyinə görə, 24300 ABŞ dolları ümumi məbləğ idi. Amma 10 min manatın üstünə 3 min manat gələndə 24300 dollar eləmir axı? Azad Abıyev məndən xahiş etdi ki, hələlik “sakit” durum, o da öz maşınını satıb mənim üstümə yazılan artıq məbləği özü ödəyəcək.
Yeddi ay ərzində məni aldatdı, “atamın goruna and olsun” deyə andlar içərək, məni pis vəziyyətə qoydu. Sonra bank 2015-ci ilin dekabrında məni məhkəməyə verdi. Nizami Rayon Məhkəməsində hakim Məzahir Sadıqov məni dinlədi, dedi narahat olma, sənə kömək edəcəyəm. Amma iyunun 9-da qətnamə çıxarıldı ki, evimdən çıxarılıb. Ondan qabaq isə Səliqə adında bir qadın gəlmişdi evə, dedi ki, Azad müəllim onu göndərib, evi 30 min manata Azada sat, yoxsa bank əlindən alacaq. Mənsə o qadını qovdum. Birinci məhkəmədə uduzandan sonra, mən iyunun 14-də Azadın yanına getdim, dedim ki, “Azad müəllim, sən məni aldatdın, şikayətim olmadığı barədə kağızlara imzalatdırdın, amma indi özünü kənara çəkmisən”.
O da məni təhqir etdi və qolumu qıraraq bankdan qovdu”, – deyə şikayətçi bildirib. Fatma Əliyeva polisə şikayət etdiyini qeyd edib: “Mən 102-yə müraciət etmişəm, bu dəqiqə bütün sənədlərim hazırda Nərimanov Rayon Polisindədir, Xıdır Xıdırov araşdırıb. Nərimanov Rayonu Prokurorluğunda Vüqar Əliyev mənə dedi ki, bir ay içində iki dəfə kredit verilməsində vəzifə saxtakarlığı və korrupsiya elementləri var. Digər tərəfdən 96 saylı notariusda girov müqaviləsi üçün 34 manat rüsum keçirib, amma məndən 400 manat alıb maşında saxlamış, özü isə gedib sənədləri rəsmiləşdirmişdi. Hazırda Bakı Apellyasiya Məhkəməsində proses gedir. Sizdən xahiş edirəm ki, məsələnin ictimailəşməsi və haqq səsimin ölkə rəhbərliyi tərəfindən eşidilməsi üçün, mənə dəstək verəsiniz. Azad Abıyev və “Nikoil Bank”ın məni məruz qoyduğu fırıldaqlar cəzasız qalmamalıdır”.
Təəssüf ki, “Nikoil Bank”a zəng etsək də, qarşı tərəfin mövqeyini öyrənə bilmədik. Lakin bankın və Azad Abıyevin baş verənlərlə bağlı açıqlamasını da dərc etməyə hazırıq. Araşdırmamız davam edir…