Karusel (1-05-2014, 13:57)
“Güllələnmə versələr də, fikrimdən dönməyəcəm”
Bu gün Apellyasiya Məhkəməsində sabiq millət vəkili Gülər Əhmnədovanın işi üzrə növbəti məhkəmə prosesi baş tutub.
Gülər Əhmədova məhkəmədə ifadə verib və bildirib ki, Elşad Abdullayevin pulu onda olsaydı, xarakteristikasına uyğun olaraq bu illər ərzində ona və ailə üzvlərinin birinə müraciət edərdi.
Daha sonra G. Əhmədova bildirib ki, prokurorluq onunla E. Abdullayev arasında məzmunsuz telefon danışığı olduğu ilə bağlı ittihamlar irəli sürüb: "Tarixə baxıldıqda o danışıqlar bir neçə ayı əhatə edir. Əgər onun məndə bir milyonu olsaydı, bu illər ərzində mənlə əlaqə saxlayardı".
Eks-millət vəkili Ağır Cinayətlər Məhkəməsində verdiyi ifadədə Sevinc Babayeva ilə bağlı qismən də danışdığını əlavə edib:
“Sevinc Babayeva ilə bağlı qismən danışmışam. Çünki rəhmətə getmiş adam haqda hər şeyi danışmaq istəmirdim. Çünki buna mənim mənəviyyatım icazə verməz. Lakin siz lazım bilsəniz, hər şeyi danışa bilərəm”.
Əhmədova məhkəmədən xahiş edib və bildirib ki, bu işlə bağlı Binəqədi prokuroruna şərti cəza, Arzu Kazımova və Vaqif Hüseynova 3 il iş verilib:
"Mənim video görüntülərimdə isə heç bir pul görüntüləri olmadığı halda mənə də üç il iş veriblər. Prokurora şərti cəza veribsə, mənə də şərti cəza verilsin. Himayəmdə 3 uşaq var, ailəm dramatik vəziyyətdədir.
Hüri-mələklər gəlsə də, bu gün öz əqidəmdən dönmərəm. Mənə verilən cəzanı küskünlük kimi qəbul etmirəm. Mən Heydər Əliyevin siyasətə gətirdiyi adamam. Kimsə deputat mandatı əlindən alındığı üçün müxalifətə keçibsə, bunun mənə aidiyyatı yoxdur. Eyni zamanda heç kimə qarşı iddiamda yoxdur. Ölkəmdən heç kimə şikayət etmək istəmirəm. Güllələnmə versələr də fikrimdən dönməyəcəm”.