Karusel (16-05-2016, 12:46)
Bakıətrafı qəsəbədə məktəb problemi: bir qrup Ceyranbatan sakini prezidentə müraciət etdi
200 yerlik məktəbdə 800-ə yaxın uşaq təhsil almaq məcburiyyətindədir
Redaksiyamızın elektron ünvanına Abşeron rayonu Ceyranbatan qəsəbəsi Yeni Məhəllənin bir qrup sakininin Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə ünvanladığı məktubun surəti daxil olub. Müraciətdə qəsəbə sakinləri 2 saylı məktəbin problemlərindən bəhs edir və bu problemlərin həllində dövlət başçısından kömək istəyirlər. Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik.
Azərbaycab Respublikasının prezidenti Zati-aliləri cənab İlham Əliyevə!
“Biz-Abşeron rayonu Ceyranbatan qəsəbəsi Yeni Məhəllənin sakinləri-bütün seçkilərdə əsası ümümmilli liderimiz tərəfindən qoyulan və Sizin uğurla davam etdirdiyiniz siyasətin tərəfində olmuşuq. Sizin fəaliyyətinizi yüksək qiymətləndirmiş, ölkəmizin sabahına daha da ümüdlə baxmışıq. Xüsusi ilə Sizin sosial və təhsil sahəsindəki ardıcıl və prinsipial fəaliyyətiniz bütün ölkə ictimaiyyəti kimi bizi də ruhlandırır. Elə bu səbəbdən də qarşılaşdığımız problemin həllində Sizdən kömək umuruq.
Cənab prezident, bizim problemimiz təhsillə, məktəbimizdə vacib sayılan şagird sıxlığı ilə bağlıdır. Ceyranbatan qəsəbəsinin demək olar ki, yarısını təşkil edən bizim yaşayış massivində bir-2№-li orta məktəb-var. 14 (ondörd) sinif otağından ibarət iki mərtəbəli bir korpus 200 uşağın təhsili üçün nəzərdə tutulub. Hazırda isə 200 uşağın qarşılığında məktəbdə 800-ə yaxın uşaq təhsil almaq məcburiyyətindədir. Yeni Məhəllənin genişlənməsi və uşaqların sayının ilbəil artması ilə problemin ciddiliyi də artır. Bu səbəbdən də siniflərdə uşaqların sayı məlum normadan çox, tədris qrafiki isə daha da sıx olur. Bu isə təbii olaraq birbaşa tədrisin səviyyəsinə kəskin şəkildə mənfi təsir edir.
Uşaqlar axşam saat 18:25-də dərsdən çıxmalı olurlar. Qış aylarında isə bu problemə yox, əsl zülmə çevrilir. Təəssüf ki, Bakı yaxınlığında yerləşən bu qəsəbədə yaşayan bizim uşaqlarımız belə acınacaqlı durumda təhsil almaq zorundadırlar.
Məktəbdə idman zalından, futbol meydançasından, akt zalından, laboratoriya və informatika otaqlarından isə danışmağa dəyməz. Cənab prezident, Sizin idmana və təhsilə bunca qayğınızın qarşılığında bizim uşaqlar idman dərslərini normativ qaydalara uyğun keçmirlər, Ceyranbatan qəsəbəsi 2 №-li orta məktəbdə-intellektli və yetkin nəslin yetişməsində ciddi problemlər var.
Yeni tədris korpusunun və idman zalının tikilməsi üçün məktəbin ərazisində lazımı qədər torpaq sahəsi də var. Nədənsə məsul şəxslər, müvafiq vəzifə sahibləri bu imkana baxmayaraq mövcud problemlərə göz yumurlar. Hətta gəzən söhbətlərə görə məktəbin ərazisini yaxın vaxtlarda kimlərəsə satmağı da planlaşdırırlar.
Zati-aliləri biz bu problemlə bağlı müxtəlif instansiyalara da müraciət etmişik. Amma, nəticə olmayıb. İndi isə yeganə ümüdümüz Sizədir. Xahiş edirik ki, bizim uşaqların təhsil probleminin həllinə, məktəbimizin müasir standartlara uyğun təminatına kömək edəsiniz.
Əvvəlcədən minnətdarlığımızı bildiririk”.
Xeberinfo.com