Karusel (13-01-2016, 14:41)
Ağsuda icra başçısı aksiyaçıları qəbul edib
Ağsu rayonunda əhali sosial problemlərə etiraz edərək, yanvarın 13-də şəhər parkına və mərkəzi yola toplaşıb. Etirazın əsas səbəbinin sosial problemlər, kəskin bahalıq, xüsusən də unun qiymətinin qalxması olduğu bildirilir. Həmçinin, toplaşanlar kredit borclarından və işsizlikdən də narazılıqlarını bildiriblər. Onlar icra başçısının talana son qoyulmasını da tələb ediblər. Bildirilir ki, aksiya xüsusi olaraq, təşkil edilməyib və kimsə rəhbərlik etmir.
Musavat.com-a bununla bağlı aksiya iştirakçıları məlumat veriblər. Bildirilir ki, aksiyada mindən artıq insan iştirak edib. Onlar sosial problemlərə və qiymət artımına etiraz ediblər. Polis aksiyaya müdaxilə etməsə də, onların problemlərini aidiyyatı qurumlara deməsini təklif edib.
Aksiya iştirakçıları Ağsu İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevlə görüşmək istəsələr də, başçı buna razı olmayıb. Belə ki, aksiyaçıların təyin etdiyi beş nəfərlik nümayəndə heyəti icra hakimiyyətində olsa da, başçı görüşdən imtina edib. O, sosial problemlərin onun günahı ucbatından yaranmadığını bildirib və deyib ki, baş verənlər dövlət səviyyəsində yaranıb. Bundan sonra isə yüzlərlə sakin İcra Hakimiyyətinə yürüş ediblər. Bu zaman icra başçısı onlarla görüşməyə razı olub.
Bildirilir ki, icra başçısı otuz nəfər rayon sakini ilə İcra Hakimiyyətinin iclas zalında görüş keçirib.
KXCP-nin Ağsu rayon təşkilatının sədri Yaqub Babalı görüşdən sonra musavat.com-a bildirib ki, icra başçısı problemlərin həllinə söz verib: “Biz icra başçısı ilə görüşdük, problemləri qaldırdıq. Rayonda çoxsaylı problemlər var. Problemlər illərlə yığılıb, qalıb. Bizə söz verdilər ki, bu məsələlər barədə dövlət başçısına məlumat çatdırılacaq. Həmçinin, qısa vaxt ərzində problemlərin həllinə nail olmağa da çalışacaqlar. Ümumi problemlərin sürətli formada həll olunmasına çalışılacağı vəd edildi. İşsizlik, qiymətlərin xalqın iqtisadi durumuna uyğun olmayan şəkildə qaldırılması, sosial yardım problemi, uşaqpulu və sair çoxsaylı problemləri icra başçısına dedik. Ümumi iqtisadi vəziyyət, hüquqsuzluq problemi, vətəndaşın heç yerdə hüququnun qorunmaması kimi məsələlər icra başçısının diqqətinə çatdırıldı. Bizə söz verdilər ki, problemləri həll etməyə çalışacaqlar. Camaat bu məsələni diqqətdə saxlayacaq. Yəni problemlər həllini tapmasa, aksiyalar davam edəcək”.