Karusel (18-12-2015, 19:59)
Göyçay sakini prezidentə müraciət etdi: “İki övladımla ölüm aclığına başlayıram”
Göyçay rayonu Potu kənd sakini Allahverdiyeva Ülviyyə Əli qızı Savash.org vasitəsilə ölkə başçısı İlham Əliyevaya, ölkənin birinci xanımı Mehriban Əliyevaya növbəti müraciət ünvanlayıb.
Onun sözlərinə görə, mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya müraciət etdikdən sonra ona qarşı təzyiqlər daha da şiddətlənib: “Həmin müraciətdən sonra Göyçay rayon Məhkəməsinin hakimi Fərhad Əfəndiyevin və keçmiş həyat yoldaşımın qardaşı, Azərbaycan Respublikasının Dəmir Yolu İdarəsinin bazasında vəzifədə işləyən Anar Allahverdiyevin hədələrinə məruz qalmışıq. Bu özbaşınalığa etiraz olaraq iki azyaşlı uşağımla birlikdə ölüm aclığı aksiyasına başlayırıq. Əgər biz bu səbəbdən öləriksə bunun məsuliyyəti korrupsiyaya qurşanmış Göyçay rayon məhkəməsinin hakimi Fərhad Əfəndiyevin, Şəki Apelllyasiya Məhkəməsinin hakimi Mahir Əsədlinin və özünü reket kimi aparan Anar Allahverdiyevin üzərinə düşəcək”.
Prezidentə ilk müraciətindən sonra hakim Fərhad Əfəndiyevin ona ismarış göndərərək, həbsə atdıracağı ilə hədələdiyini bildirən Ülviyyə Allahverdiyeva eyni zamanda keçmiş ərinin qardaşı tərəfindən də hədələndiyini bildirir:
“Keçmiş həyat yoldaşımın qardaşı Anar Allahverdiyev gecə saat 04-00 radələrində həmin vaxt gəzməyə getdiyi Amerikadan nömrəli telefonla zəng edərək bizi ölümlə hədələdi ki, mətbuata mənim fotoşəklimi vermisiniz, sizi öldürtdürüb qanınızı batırdaram.Mən hakim Fərhad Əfəndiyevlə , keçmiş həyat yoldaşımın qardaşı Anar Allahverdiyevdən bütün qnunsuz hərəkətləri gözləyirəm. Artıq onlar küllü miqdarda rüşvət hesabına qanunları tapdayıb bizi qanunsuz olaraq evsiz qoyublarsa, cəzasız qalacaqlarına ümid edərək hər cür cinayətlər edə bilərlər”.
Şikayətçi daha sonar iddia edir ki, Göyçay rayon Məhkəməsinin hakimi Fərhad Əfəndiyevin qanunsuz fəaliyyətindən rayon sakinləri əziyyət çəkir: “Bu adam məhkəmə binasını kolxoz bazarına döndərib, korrupsiya şəbəkəsi yaradıb. Ştatdan kənar bir nəfər işçi təyin edib ki, məhkəmədə işi olanlara qiymət oxusun.Rüşvəti də həmin adamın əli ilə alır.Həmin adam məhkəməlik işi olan vətandaşlara çəkinmədən yaxınlaşıb, onlarla qiymət danışmağa çağırır”.
Hakim Fərhad Əfəndiyevin rüşvət hesabına geniş biznes qurduğunu bildirən şikayətçinin sözlərinə görə, müvafiq qurumlar bununla bağlı kiçicik araşdırma aparsalar çox mətləblərin üzərinə işıq düşər: “Ümidim Allaha, Prezidentə və Mehriban xanım Əliyevayadır. Artıq Şəki Apellyasiya Məhkəməsinin 22.10.2015-ci il tarixli qətnaməsindən Ali Məhkəməyə kassasiya şikayəti verməyə hazırlaşırıq. Qarşı tərəf deyir ki, hara şikayət etsəniz də mənası yoxdur Ali Məhkəmə də bizim xeyrimizə qərar çıxaracaq, onlarla da dil tapıb danışacağıq. Göyçay rayon məhkəməsinin hakimi Fərhad Əfəndiyevin həttda kassasiya şikayətimizin təmin edilməməsi üçün bütün qanunsuz vasitələrdən istifadə edəcəyi barədə bizə məlumat da verildi. Ancaq bütün bunlara baxmayaraq ümüdümüzü üzməmişik.İnanırıq ki, Prezident cənab İlham Əliyev, Mehriban xanım Əliyeva , Ədliyyə Naziri cənab Fikrət Məmmədov və Ali Məhkəmənin sədri cənab Ramiz Rzyev şəxsən ədalətin bərpa edilməsində bizim ailəyə yaxından köməklik edəcəklər.Saxtakar hakimlər Fərhad Əfəndiyevin, Mahir Əsədlinin və reketliklə məşğul olan Anar Allahverdiyevin qanunları satın almlarına imkan verməyəcəklər.Onların cinayət əməlləri obyektiv araşdırılıb barələrində qanunu tədbirlər görüləcək”.
Şikayətçi xatırladır ki, Allahverdiyev Müşfiq Ağayusif oğlu ilə 29 noyabr 2005-ci il tarixdə el adəti ilə toy edib ailə həyatı qurub. Həmin vaxtdan da Müşfiqin yaşadığı atasına məxsus Göyçay rayonu Bakı küçəsi 5 nömrəli evdə yaşamaqla həmin ünvanda daimi qeydiyyata düşüb: “Hər iki övladımız həmin evdə doğulub və orada qeydiyatdadırlar. Müşfiq ailəyə baxmadığı və başqa qadınla yaşadığı üçün boşanmaq üçün məhkəməyə ərizə ilə müraciət etdi. Göyçay rayon Məhkəməsinin hakimi Fərhad Əfəndiyev heç bir müddət təyin etmədən ilk məhkəmə iclasında nigahımızın xitam edilməsinə dair 22 may 2015-ci il tarixdə qətnamə çıxartdı.Bundan sonra mən iki azyaşlı uşaqlarımla hazırda da qeydiyatda olduğum Göyçay rayonu Bakı küçəsi 5 nömrəli evə köçürülməyimiz üçün təqdim etdiyim iddiamın da təmin edilməməsinə dair 31 iyul 2015-ci il tarixdə qətnamə çıxartdı. Hakim Fərhad Əfəndiyev aldığı rüşvətin qarşılığında iddiamın baxılmasını müxtəlif bəhanələrlə uzadaraq qarşı tərəfə şərait yaratdı ki, həmin evi keçmiş qaynatamın adına sənədləşdirsinlər ki, orada bizə yaşayış verilməsin.Bu konkret faktdır ki, reyster çıxarışının tarixi bunu tam subut edir”.
Vətəndaş bildirir ki, Göyçay rayon Məhkəməsinin 31.07.2015-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin təmin eilməməsinə dair Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədli 22 oktyabr 2015-ci il tarixdə qətnamə çıxarıb: “Hər iki hakim öz qanunsuz qətnamələrini 2009-cu il tarixdə qəbul edilmiş qanunla əsaslandırıblar. Ancaq nəzərə almayıblar ki, bu qanun 2009-cu il tarixdə qəbul edilmiş qanundan sonra ailə həyatı qurmuş şəxslərə aid edilməlidir. Biz isə bu qanundan əvvəl 29 noyabr 2005-ci il tarixdə ailə həyatı qurmuşuq. Bildirirəm ki, birgə nigah dövründə həyat yoldaşım Müşfiq 100.000 manatdan çox dəyəri olan avtomobil almış boşanmaq ərəfəsində həmin avtomobili öz adından çıxararaq atasının adına sənədləşdirmişdir ki, bunu təsdiq edən sənədlər var. Bunu da ona görə etmişdir ki, bahalı avtomobilin dəyərinin yarısı bizə düşməsin. İndi hazırda atamın evində çox acınacaqlı darısqal şəraitdə iki azyaşlı uşağımla əziyyət çəkərək yaşayırıq”.
Savash.org