Karusel (24-06-2015, 14:15)
“Buna etiraz etmək haqqımızdır”
“Azərbaycan xalqı düşmənlə döyüşəndə Rüstəm İbrahimbəyov xaricdə kefini çəkirdi. Xalqımızın ağrısını, acısını başa düşə bilmir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri millət vəkili Adil Əliyev Rüstəm İbrahimbəyovun səsləndirdiyi “erməni xalqı ilə Azərbaycan xalqı düşmən deyil” fikrinə münasibət bildirərkən deyib. A. Əliyev qeyd edib ki, buna görə də Rüstəm İbrahimbəyovda hansısa milli hissin olması qeyri-mümkündür və ola da bilməz: “Bu gün əlində olan imkanlardan öz maraqları üçün istifadə edir. Dünyanın yalançı erməni iddialarının arxasınca qaçdığı bir zamanda belə fikirlərin səslənməsi düşmən dəyirmanına su tökməkdir. Maraqlı olan odur ki, rejissor bu tipli müsahibə verərkən ölkədə onu müdafiə edənlər olur. Guya bununla ona haqq qazandırmağa çalışırlar. Adlarını müxalifət qoyub, ancaq xalqa xəyanət etməklə məşğul olanlara heç çür bərait qazandırmaq olmaz.
Əslində, I Avropa Oyunlarının keçirilməsi ərəfəsində dünyanın gözünün Azərbaycanda olduğu zamanda İbrahimbəyovun Azərbaycanı sevməyənlərin sırasına qoşulması məni lap təəccübləndirib. Haqlı olduğumuz vəziyyətdə bizi haqsız kimi təqdim edirlərsə, buna etiraz etmək haqqımızdır. Cənab rejissor bir azda Azərbaycan həqiqətləri ilə dünyaya baxmalıdır. Halbuki R.İbrahimbəyov istəsəydi, Qarabağ məsələsini beynəlxalq səviyyədə tanıdılmasına kömək edərdi. Yaxşı olardı ki, “The New Times”a müsahibəsinə ermənilərin tarixən türk millətinə qarşı törətdikləri soyqırımlar haqqında söz açardı və qondarma erməni iddialarını müdafiə edənləri ifşa edərdi. Çünki belə danışmaq haqq və ədalət tərəfində olmaq onun maraqlarına uyğun deyil. Düzdür, torpaqlarımız azad olunduqdan sonra, erməni xalqı ilə münasibətlərimiz olacaq. Amma, bunun üçün ilk öncə Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bu zaman, sülh və qonşuluq siyasətindən danışmaq olar”.
Günel Türksoy