Karusel (2-06-2015, 20:50)
Bulvarda çay için, amma əvvəlcə menyü ilə tanış olun
"Armudu stəkanda çay, ürəyimiz yananda çay..." Biz də yaranan fürsətdən istifadə edib, Milli Parkın ərazində çayın dadına baxdıq və qiyməti ilə maraqlandıq.
Dünəndən sosial şəbəkələrdə Dənizkənarı Milli Parkda fəaliyyət göstərən iaşə obyektlərində çayın qiymətinin ucuzlaşması ilə bağlı məlumatlar yayılıb. Biz də çəkiliş qrupumuzla məlumatın doğru olub-olmadığı ilə maraqlandıq.
Müşahidə apardığımız iki saat ərzində bulvarda ailəvi istirahətə gələnlərin sayının kifayət qədər çox olduğunu gördük. Qiymətlərdə artım müşahidə olunmasa da, hazırkı qiymətlərdən razı olanlar da var, narazılar da.
- İstirahətimiz əla keçir, rahatlıq, genişlik, yaradılan şərait ürəyimizcədir. İstədiyimiz kimi dincələ bilirik. Qiymətlərə gəlincə, bura nəvəm və qızımla gəlmişəm. Cibimə uyğun olmadığına görə, bulvarda çaydan və yeməkdən istifadə etmirəm.
- Mənim 75 yaşım var, təqaüdçüyəm. İstirahət edirəm, gəzirəm. Qiymət o qədər də ucuz deyil.
- Bakıda doğulub böyümüşəm, burada hər şey ürəyimcədir. Yaxşı istirahət edirəm, qiymətlər də normaldır. Əsas odur ki, keyfiyyət yüksəkdir".
- Demək olar ki, dostlarımla vaxt tapan kimi bu məkana üz tuturuq. Çay süfrəsində elə bir dəyişiklik yoxdur. İki manata çay içirik. Heç bir qiymət artımından söhbət gedə bilməz. Çay dəsgahı istəyimizlə hazırlanır. Əgər cibimizə uyğundursa, içirik, yoxsa sadə çay içirik.
Milli Parkda fəaliyyət göstərən iaşə obyektlərinə də baş çəkdik.
"Menyu ilə tanış ola bilərsiniz. Bir çaydan çay 2 manata satılır. Əgər bir nəfərlik çay zövqə görə mürəbbə ilə gətirilirsə, o zaman qiyməti 5-6 manata çatır. Bulvarda çay dəsgahının qiyməti isə 20-25 manatdır. Dəsgaha çay, mürəbbə, qoz-fındıq, şokolad və s. daxildir".
Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov baş verən neqativ hallara qarşı mübarizə aparıldığını deyib: "2008-ci ildən Dənizkənarı Bulvar İdarəsinin “Qaynar xətt”i fəaliyyət göstərir. Biz bu metodla baş verən neqativ hallarla mübarizə aparırıq. Neqativ hallarla rastlaşan sakinlərimiz günün 24 saatı, həftənin 7 günü aktiv olan “Qaynar xətt”ə - 055 282 70 00, 012 480 18 36 nömrələrinə zəng edə bilərlər. Bulvardakı bütün kafelərdə, restoranlarda menyular var. Müştəri açıb menyunu baxır, görür ki, çayın qiyməti 2 manatdır, sifariş edir, görür ki, bahadır, sifariş vermir. Sadə çay 2 manatdır. Mürəbbənin növündən asılı olaraq çayın qiyməti 3-5 manat arasında dəyişə bilər. Kimsə əgər 3 manatlıq çaya görə daha artıq qiymət tələb edirsə, vətəndaşlar idarə rəhbərliyi ilə, "Qaynar xətt"lə əlaqə saxlayıb məlumat verə bilərlər. Qanunu pozanlar cəzalandırılacaq. Həmin nömrələr bulvarda hər yerdə yazılıb, vurulub".
Nazim Məcidov paytaxt sakinlərini əvvəlcə menyudakı qiymətlərlə tanış olmağa çağırıb: “Əgər kimsə baha mürəbbə sifariş edib, sonra qiymətin bahalığından şikayət edirsə, bu artıq düzgün deyil. Əvvəl qiymətinə baxıb, sonra sifariş etsinlər. Şəhər sakinləri bilsinlər ki, istədikləri yerdə istədikləri məmulatı sifariş edə bilərlər, amma əvvəlcə qiymətini öyrənsinlər ki, sonradan neqativ hallarla rastlaşmasınlar”.
Nazim Məcidovun sözlərinə görə, qəbul olunan standartlara əsasən Milli Parkda sadə çay 2 manat, mürəbbəli çay 3 manatdır. Əgər bulvar ərazisində hər hansı bir çayxana və kafedə çay sifariş edərkən “bizdə sadə çay olmur, yanında mütləq nə isə sifariş etməlisiniz” deyilirsə, mütləq “Qaynar xətt”in göstərilən nömrələrinə zəng etmək lazımdır.