Karusel (20-05-2015, 21:59)
Bakıda tikinti yox, söküntü bumu
Artıq prezidentin verdiyi tapşırıqların icrasına başlanılıb.
Mediatv.az -ın məlumatına görə, Binəqədi rayonunda baş verən yanğın hadisəsindən sonra paytaxtın bir çox nöqtələrində fasadların sökülməsi işlərinə başlanılıb. Ötən axşamdan start götürən söküntü işləri bu gün də tam sürəti ilə davam edir. Dünənə qədər fasadların təmirində istifadə olunan üzlüklərin bu gün sökülərək yerdə qalaqlandığının şahidi oluruq.
Söküntü işləri Mühafizə Polisinin nəzarəti altında icra hakimiyyəti nümayəndələri və Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının iştirakı ilə aparılır.
Xətai rayonunda poliuretan üzlük adlanan tikinti materialı ilə 15 binanın fasadı yenilənibmiş və indi bu binaların hər birində eyni vaxtda söküntü işləri görülür.
Alova davamsız fasadların sökülməsi sakinlərin də narahatlığına son qoyub.
“Əhali təşviş içindədir, gecələr rahat yata bilmirlər. Binanın fasadını söksünlər və binanı boya ilə ağartsınlar. O zaman da bina gözəl görünəcək”, - deyə bina sakini Gülnarə Rəhimova bildirib.
“Məlum yanğın zamanı bütün bina sakinləri bir nəfər kimi ayağa qalxdı. Sakinlər binanın fasadanın üzlənməsinə qarşı çıxdılar. Bir həftə ərzində binanın fasadında aparılan işlər dayandırıldı. Bir həftədən sonra işlərə yenidən start verildi. Hamının evində körpəsi var, hamı narahatdır”, – deyə bina sakini Hüsnarə Əhmədova qeyd edib.
Söküntü aparılan ərazidə Xətai Rayonu İcra Hakimiyyəti nümayəndələrindən öyrəndik ki, işlərin bir həftə ərzində yekunlaşdırılması, bundan sonra isə binaların daha keyfiyyətli "aqlay" daşı ilə üzlənməsi nəzərdə tutulur.
Bakıxanov qəsəbəsində də fasadında poliuretan üzlükdən istifadə olunmuş binalarda söküntünün aparıldığının şahidi olduq.
Sabunçu Rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı suallımızı icra başçısının müavini Müslüm Mahmudov cavablandırdı. Onun sözlərinə görə, Sabunçu rayonunda bu üzlüklə üzlənmiş bütün binaların fasadı "aqlay" daşı ilə əvəzlənəcək.