Karusel (16-03-2015, 12:48)
Qonaqpərvərlik və Turizm Kitabxanası yaradıldı
Otellər və Restoranlar Assosiasiyasının fəaliyyəti genişlənərək cari ilin əvvəlindən bir sıra yeni layihələr realizə etməkdədir
Assosiasiyanın idarə heyətinin sədri Samir Dübəndinin sözlərinə görə, təşkilat daim qonaqpərvərlik və turizm sənayesinin inkişafı istiqamətində elmi-təcrübi, araşdırma, təhsil və statistika işləri aparır, sənayenin təkmilləşməsi, bu sahədə sivil bazar münasibətlərinin qurulması, yeni nəslin layiqli mütəxəssislər sırasında yer tutmaları üçün əlindən gələni edir və edəcəkdir.
Sədr qeyd edir ki, 2015-ci il həm bütöv Azərbaycan üçün və eyni zamanda qonaqpərvərlik sənayesi üçün əlamətdar olmalıdır. Belə ki, ölkəmiz İlk Avropa oyunlarına sahiblik edəcək və bununla əlaqədar ölkəyə gələn xarici turistlərin və qonaqların sayı artacaqdır. Belə irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanda yeni turizm obyektlərinin, otellərin, ictimai iaşə müəsissələrinin artmasına təkan verir. Məhz bu vəziyyətdə peşəkar kadrların hazırlanmasına eytiyac artır, qonaqpərvərlik, turizm və sosial xidmət ixtisasları üzrə təhsil alan tələbələrin düzgün və səmərəli proqramlar əsasında tədrisi, onların lazımı tədris vəsaitləri ilə təmin edilməsi gündəmə cıxır. O qeyd etmişdir ki, Azərbaycan Turizm İnstitutunun ölkə başcısının müvafiq qərarı əsasında Azərbaycan Turizm və Menecment Universitetinə çevrilməsi həddindən artıq sevindirici haldır. Bu fakt ixtisaslaşmış ali təhsil ocağının elmi bazasının genişlənməsinə, Universitetin tədris imkanlarının və tələbə sayının artmasına, qonaqpərvərlik və turizm ixtisaslarına abituriyentlər arasında marağın populyarlaşmasına gətirməlidir.
Bildiyimiz kimi, adı gedən sənaye üçün peşəkarların hazırlanmasının səmərəliliyi kifayət qədər elmi mənbələrin, dərsliklərin, təcrübi və populyar nəşrlərin mövcud olmasından da bilavasitə asılıdır. Misal üçün, əgər tələbələr ixtisas fənlərini müxtəlif dərs vəsaitlərindən və digər mənbələrdən oxuya bilərlərsə, onların maariflənməsi daha da asanlaşar, elmi, tarixi və digər peşə faktlarını müqayisə edə bilərlər, müəllimlər isə bu mənbələrin əsasında daha səmərəli və faydalı proqramlar tərtib etmək imkanları əldə edərlər. O ki qaldı magistr pilləsində təhsil alanlar və eyni zamanda qonaqpərvərlik və turizm sahəsində elmi işlə məşğul olan aspirantlar və dissertantlar üçün də bu mənbələr əvəzedilməzdirlər.
Əfsuslar olsun ki, bu cür dərsliklərin, nəşrlərin, elektron mənbələrin sayı olduqca azdır, xüsusən də ana dilində dərc olunan vəsaitlər çatışmır. Razılaşmaq olar ki, qonaqpərvərlik sənayesində peşəkar olmağın şərtlərindən biri də xarici dillərin, xüsusən daha geniş yayılmış və beynəlxalq ünsiyyət vasitəsinə çevrilmiş ingilis dilinin mükəmməl öyrənilməsidir. Amma bu o demək deyil ki, bizim ana dilində dərsliklərimiz və digər elmi-təcrübi mənbələrimiz olmamalıdır.
Qeyd etmək istərdik ki, Assosiasiyanın idarə heyətinin üzvləri sırasında bir sıra təhsil işçiləri də təmsil ediliblər, hansılar ki, bilavasitə qonaqpərvərlik və turizm ixtisas fənlərini müxtəlif ali təhsil ocaqlarında tədris edirlər. Bunların sırasında Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Dillər Universitetinin müəllimlərini və qonaqpərvərlikdə beynəxalq sertifikatlaşmış təlimçiləri sadalamaq olar. Belə ki, biz bu sualla öz şəxsi təcrübəmizdən xəbərdarıq.
Yuxarıdakıları nəzərə alaraq Otellər və Restoranlar Assosiasiyasının heyəti Qonaqpərvərlik və Turizm Kitabxanasının təsis edilməsinə qərar vermişdir. Biz bunun üçün ofisimizin bir hissəsini ayırmışıq və kitabxananın fəaliyyəti üçün müvafiq şərait qurmuşuq. Bu iş bir neçə mərhələdən ibarətdir. Hal-hazırda kitabxananın inkişaf proqramı işlənərək yaxın və gələcək planlar tərtib edilib. İlkin mərhələdə dünya təcrübəsində istifadə edilən bir sıra dərsliklərin, elmi nəşrlərin, təcrübi və populyar vəsaitlərin əldə edilməsi nəzərdə tutulub və bu məqsədlə Assosiasiya tərəfindən bir sıra qabaqcıl qonaqpərvərlik və turizm məktəblərinə, universitetlərinə, onların kitabxanalarına, nəşr evlərinə müraciətlər edib. İkinci mərhələ, əldə edilən vəsaitlərin bir hissəsinin ana dilinə adaptasiya edilməsi, onların çap və elektron nüsxələrinin nəşrini nəzərdə tutur. Gələcəkdə digər kitabxanalarla, müəlliflərlə, nəşr evlərilə sıx əməkdaşlıq, Qonaqpərvərlik və Turizm Kitabxanasının bazasının genişlənməsi və ondan bütün maraqlı şəxslərin bəhrələnməsi bizim üçün prioritet hesab edilir. Assosiasiya bütün sivil və hüquqi normaları nəzərə araq müəllif hüquqlarının qorunması, plaqiat nəşrlərin istisnası və daha geniş auditoriyanın cəlb edilməsi istiqamətində fəaliyyət göstərəcəkdir.
Kitabxana nəzdində peşəkar tərcümə mərkəzi də fəaliyyət göstərəcək, bura məhz qonaqpərvərlik və turizm sahəsində püxtələşmiş və xarici dillər bilən mütəxəssislər cəlb ediləcəklər. Bunun səbəbi sənayedə istifadədə olan ifadələrin, istilahların və digər peşə terminologiyaların adaptasiya edilən nəşrlərdə düzgün tərcüməsi və redaktə edilməsidir.
Assosiasiyanın idarə heyətinin sədri Samir Dübəndi təşkilat və bütün sənaye üçün səmərəli olan bu əlamətdar qərarı dəstəkləyərək, Qonaqpərvərlik və Turizm Kitabxanasının yaradılmasında təşəbbüs göstərmiş bütün şəxslərə dərin minnətdarlığını bildirir və bu sənayedə çalışan hər bir təşkilatı, əməkdaşı, müəllimi, elmi işçiləri və digər maraqlı şəxsləri əməkdaşlığa dəvət edir. Kitabxananın işində həmişə fəal iştirak etməsini bildirmiş təşkilat rəhbəri kitabxanaya öz adından bir neçə dərs vəsaiti və yeni yaradılmış kitabxananın hələ ki ən qədim kitabı hesab edilən, 1904-cü ildə Rusiyada nəşr edilmiş “Иллюстрированный Путеводитель по Кавказу” bələdçisini hədiyyə etmişdir.