Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (19-02-2015, 10:00)
Məmurlar üçün ağır mərhələ başladı..

Dünya bazarında neftin qiymətinin kəskin şəkildə düşməsi və Azərbaycanda büdcə gəlirlərinin azalması səbəbindən hakimiyyət alternativ gəlir mənbələri, xüsusən də vergi toplamaları hesabına büdcə kəsirlərini qapatmağa çalışır. Son zamanlar ölkə başçısının sərəncamı ilə Vergilər Nazirliyində struktur dəyişiklikləri edilməsi və vergilər naziri Fazil Məmmədova 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilməsi də adıçəkilən şəxsə müstəsna səlahiyyətlərin verilməsi kimi izah edilir.

 

Mediatv.AZ xəbər verir ki, “Yeni Müsavat”a daxil olan informasiyalara görə, vergilər nazirinin hədəfində yüksək rütbəli məmurlara, oliqarxlara məxsus şirkətlər də var. İllərlə vergi borcunu ödəməyən şirkətlər indi büdcə vəsaitlərinin artmasına və Avropa Oyunlarına hazırlıq işlərinə “könüllü” yardım etməli olacaqlar. 
Artıq ölkə boyu ən xırda ictimai-iaşə obyektlərindən başlamış iri şirkətlərə qədər vergi müfəttişlərinin ixtiyarına verilib. Bu prosesə qarşı çıxan, müqavimət göstərən hər kəs kəskin şəkildə cəzalandırılır. 
Xırda sahibkardan oliqarxlara qədər hər kəsi zərbə altında qoyan bu işin başında duran vergilər naziri Fazil Məmmədovun tezliklə hücumlara məruz qalacağı və yüksək rütbəli məmurların müqaviməti ilə üzləşəcəyi istisna edilmir. 
İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, uzun müddət gəlirlərini dövlət büdcəsindən gizlədən məmurların hazırda aparılan yoxlamalara necə reaksiya verəcəyi heç kimə sirr deyil: “Azərbaycanda iri məmurlara bağlı böyük holdinqlərin vergidən yayınma halları ilə bağlı faktlar son illər daha çox işıqlandırılırdı, mətbuatda da bu məsələ müzakirə olunurdu. Yüksək rütbəli məmurlara məxsus və ya onların himayəsində olan iri şirkətlər vergidən ciddi şəkildə yayınırdılar. Təbii ki, indiki durumda dövlət büdcəsinin gəlirlərinin azaldığı bir vaxtda bu məsələnin həll edilməsi gündəmə gəlirsə, bu normal bir addımdır. Çünki ölkə büdcəsində yaranan problemlərin həlli yolları vergi yığımının effektivliyinin artırılmasından keçir. Vergilər Nazirliyi iri şirkətlərdə bu günə qədər aparılmayan ciddi yoxlamalara start verəcəksə və onların vergidən yayınmasının qarşısını alacaqsa, bu, bəyənilməli bir addımdır. Ancaq Azərbaycanda heç də hər şey bu qədər sadə deyil”. 
Ekspertin fikrincə, burada çox ciddi maraqların kəsişməsindən söhbət gedir: “Müxtəlif şirkətlərin rəhbər şəxsləri olan məmurların bir-biriləri ilə şəxsi münasibətlərindən tutmuş bazarda yer qazanmaq üçün apardıqları anormal rəqabətə qədər bir çox problemlər yaşanır. Bu günə qədər oliqarxlara məxsus holdinqlərin vergidən yayınmasına göz yumulması başqa qeyri-leqal məsələlərdən xəbər verirdi. 
Həmin holdinq sahiblərinin üzərinə bəzən büdcədə nəzərdə tutulmayan bəzi xərclərin qoyulması ilə bu əvəzlənirdi. Yəni, hər hansı bir holdinq vergidən yayınırdısa, o zaman haradasa bir məktəbin tikilməsinə, təmir olunmasına dövlətin etməli olduğu, amma etmədiyi işin həmin şirkət tərəfindən həyata keçirilməsinə şərait yaradılırdı. Belə demək mümkünsə, hökumətlə həmin oliqarxlar arasında ”centlmen razılaşması" var idi. İndi isə görünən odur ki, həmin razılaşma pozulub və şirkətlərlə dövlətin vergi orqanları arasında münasibətlər gərginləşəcək. Bu, iri məmurlar arasında olan münasibətləri də gərginləşdirə bilər. Çünki oliqarxlar arasında çox sıx əlaqələr var, qohumluq əlaqələri, biznes münasibətləri və sair. Bu, narazılığın artmasına səbəb olacaq. Ancaq ölkədə şəffaf və leqal şəkildə vergi sisteminin həyata keçirilməsinə çox böyük ehtiyac var. Çox arzu edərdik ki, hökumət bunu büdcədə olan problemləri qapatmaq üçün yox, əvvəlki illərdə də normal iqtisadi prosesin tərkib hissəsi kimi həyata keçirərdi. O zaman vergi yığımlarının həcmi indiki qədər kəskin şəkildə aşağı olmazdı".
Politoloq Natiq Miri isə artıq oliqarxların ən yüksək səviyyədə tapşırıq aldıqlarını və bu prosesə qarşı çıxmağın nə qədər təhlükəli olacağını anladıqlarını bildirdi: “Oliqarxlar tərəfindən Fazil Məmmədova qarşı ola biləcək hücumları mən istisna edirəm. Çünki bu, Fazil Məmmədovun ortaya qoyduğu bir məsələ deyil, hakimiyyətin çox yüksək səviyyədə qəbul etdiyi bir qərardır. İndiki şəraitdə neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar dövlətin Neft Fondundakı və büdcədəki ehtiyatları tədricən əriməyə başlayıb.  Manatın tədricən sərbəst buraxılması siyasəti də göstərir ki, hakimiyyət uzun müddət milyardlarla manatı havayı küləyə sovurmaq fikrində deyil. Ona görə də büdcəni yenidən toparlamaq üçün bu cür siyasətə əl atmaq məcburiyyətində qaldı. Ona görə də mən düşünmürəm ki, bu qərar oliqarxların Fazil Məmmədova qarşı hücumuna səbəb ola biləcək. Əksinə, oliqarxlar bu siyasəti anlayırlar. Mənim fikrimcə, bu cür tapşırıq verilməmişdən öncə yüksək rütbəli məmurlara göstərişlər verilib. Onlar bu məsələyə mane olmaq yerinə büdcəyə toplanan vəsaitin artırılması üçün öz köməklərini əsirgəməyəcəklər. Çünki məhz hakimiyyətin yaratdığı şərait əsasında oliqarxlar bu qədər vəsaitə sahib olublar. İndi dövlətin ehtiyaclarının artdığı bir şəraitdə onlar da yararlı olmağa çalışmalıdırlar”. 
Politoloqun fikrincə, böhranla üzləşən əksər xarici ölkələrin təcrübəsində bu kimi hallar yaşanır və dövlət müəyyən mərhələdə oliqarxları köməyə çağırır: “Bu, təkcə Azərbaycana aid məsələ deyil. Bu siyasət Rusiyada da baş verdi. Rubl öz dəyərini kəskin itirdiyi ərəfədə Putin Rusiya oliqarxlarını öz kabinetinə çağırdı və rublun mövqeyinin möhkəmlənməsi üçün konkret tapşırıqlar verdi. Bu mənada orada bütün oliqarxlar rublun sabit saxlanılması üçün çalışırlar. Bu siyasət Azərbaycanda da davam  edir. Kim bu siyasətə qarşı çıxacaqsa, həmin məmur dərhal zərərsizləşdiriləcək və bütün kapitalı əlindən alınacaq. Ona görə düşünürəm ki, böyük bir sabotaj gözlənilmir”. 
Natiq Miri onu da vurğuladı ki, Fazil Məmmədova qarşı çıxan istənilən şəxs həmin andan etibarən həm vəzifəsini, həm də kapitalını itirmiş sayılır: “Ancaq hansısa oliqarxlar öz müəssisələrinə görə etiraz edəcək, qalmaqal yaradacaqsa, həmin şirkətlərdə dərhal total yoxlamalar başlanacaq, qazandığı bütün sərvət əlindən alınacaq. Mən bu dərəcəyə çatacağını düşünmürəm. Azərbaycanda hakimiyyətə qarşı çıxmağa cəhd edəcək oliqarxların olduğuna inanmıram. Bu elə bir sistemdir ki, bu sistemin ortaya qoyduğu qaydalardan kənara çıxmaq mümkün deyil. Kənara çıxan olacaqsa dərhal vurulacaq”. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024