Tovuz sakini, Qarabağ müharibəsi veteranı Məmməd Hüseynov "Korkmaz Group" MMC-dən şikayətçidir.
O, "Arqument.az"a deyib ki, şirkətin sahibi, türkiyəli iş adamı Mustafa Qorxmaz onu aldadaraq 84400 (səksən dörd min dörd yüz) manat pulunu ödəmir.
Məmməd Hüseynovun sözlərinə görə, Azərbaycanda tikinti sektorunda çalışan "Korkmaz Group" şirkətində fiziki şəxs kimi iş icraçısı olub, aralarında müqavilə bağlanıb, amma şirkət onlara çatan vəsaiti (maaş) ödəməyib.
Hazırda 30-a qədər fəhlənin maaşını ala bilməyən iş adamı deyir ki, bu MMC-nin vəsiti geçikdirməsi nəticəsində vergi borcu da yaranıb. Nəticədə vergi borcuna görə ölkədən çıxışına "stop" qoyulub.
Deyir ki, şirkət pulunu ödəsə, vergi borcunu bağlayacaq və problemi həll edəcək.
Onun sözlərinə görə, 2019-cu il, 1 mart tarixində "Sabah Residence" Mənzil-Tikinti-Kooperativi ilə "Korkmaz Group" arasında dəmir-beton konstruksiyalarının inşası işlərinin görülməsi barədə "Podrat" müqaviləsi bağlanıb.
Fiziki şəxs Hüseynov Məmməd Əhməd oğlu "Korkmaz Group" MMC-nin subpodratçısı kimi "Sabah Residence" yaşayış kompleksinin tikintisində dəmir işlərini həyata keçirib.
Deyir ki, görülən işlərə görə şirkət onlara vəsait ödəməli idi, amma ödəməkdən yayınır, müxtəlif yollarla imtina edir.
Məmməd Hüseynov dəfələrlə problemlə bağlı Mustafa Qorxmaza müraciət etsə də, o, telefon danışıqları, vatsap yazışmalarında borcu hətta məbləği ilə təsdiqləsə də, ödəmək istəmir.
Qarabağ veteranı deyir ki, bütün işlər sənədlərdə və müqavilələrdə əksini tapıb, heç bir əlavə iddiası da yoxdur, sadəcə, görüləcək işə görə ödəniləcək vəsaiti istəyir. Bununla bağlı aidiyyəti qurumlara müraciət edəcəyini deyən Hüseynov bütün hüquqi addımları atacağını da vurğulayıb.
"Arqument.az"ın apardığı araşdırmalara görə, "Korkmaz Group" MMC təkcə Bakıda deyil, hazırda işğaldan azad olunan Ağdam rayonunda da tikinti işlərini həyata keçirir.
Tikinti şirkəti ilə bağlı digər şikayətlərin olduğunu deyən Hüseynov düşünür ki, dövlət qurumları burada baş verənlərə biganə qalmayacaqlar. Çünki 30-a qədər fəhlənin halal əməkhaqqısının faktiki mənimsəməsindən söhbət gedir.
İnternet üzərindən aparılan araşdırmalar nəticəsində şirkətlə bağlı bəzi neqativ məlumatlara da rast gəlmək olur. Maraqlıdır ki, vergidən yayındırılan milyonların taleyi nədənsə İqtisadiyyat Nazirliyini, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini (ƏƏSMN) narahat etmir.
Hüseynov isə deyir ki, Azərbaycanda 2016-cı ildən fəaliyyət göstərən şirkətin vergi ödəmələri dərindən araşdırılarsa, yəqin ki, çox mətləblər üzə çıxar: "Tikinti sektorunda əhəmiyyətli paya sahib olan şirkətin vergi ödəmələri VÖEN-i olan bir bənnanın ödəmələrindən heç də çox deyil. Bəs niyə əlaqədar qurumlar "Korxmaz Group" MMC-nin vergi sənədlərini araşdırmaqdan qorxur, çəkinirlər? Bunun səbəbini açıqlaya bilərlərmi?"
"Arqument.az" şikayətlə bağlı şirkətin sahibi, türkiyəli iş adamı Mustafa Qorxmazla əlaqə saxlamağa cəhd etsə də, o zənglərə cavab verməyib.