"Bildiyiniz kimi, 5 illik 5% faizlə ilk 100 milyon dollarlıq ilk SOCAR İstiqrazları tədavülə buraxıldı və ilk emissiya oktyabrın 17-də  uğurla tamamlandı. Hesab edirəm ki, çox uğurlu bir layihə oldu və uğurlu hesab olunmasının əsas səbəbi ondan ibarət idi ki, 5 il müddətində hər hansı bir problem və ya maneəylə rastlaşmadıq. 5 faiz illik şərtlə hər rüb faizlər ödənildi və istiqraz sahiblərinə əsas məbləğ faizləri də ödənilmiş oldu. İlk istiqrazın tədavülündə əsas iki mühüm məqsəd var idi. Birincisi, maliyyə bazarlarına töhfə vermək və eyni zamanda, SOCAR-ın adına layiq liderlik nümayiş etdirmək idi. Bu, SOCAR prezidenti Rövnəq Abdullayevin əvəzsiz səyləri və  böyük dəstəyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank və investisiya şirkətləri və digər bankları bir araya gətirən ilk və ən böyük istiqraz tədavülü idi".

Mediatv.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında SOCAR-ın maliyyə məsələləri üzrə baş məsləhətçisi Ali Ağaoğlu deyib. A. Ağaoğlu yeni istiqraz tədavülündə SOCAR Kapital olaraq, həm liderlik mövqeyini saxladıqlarını, həm də öncədən başladıqları və indi daha asanlaşdırılan bu yolda digər istiqrazların da mövcudluğu şəraitində hələ də ən yüksək emissiya olaraq 100 milyon dollarlıq tədavülü həyata keçirdiklərini bildirib: "Bu tədavül də 5 illik olacaqdır və yenə də rüblük ödəniləcəkdir. İllik faiz dərəcəsi isə 4,5 % olacaqdır. Eyni zamanda əvvəlki istiqrazla eyni imtiyazları daşıyacaqdır. Bu imtiyazlar isə vergidən azad olma, sahibinin onu istənilən vaxt sata bilməsi, PSG Kapital kimi marketmeykerə sahib olmasıdır. Proses çox uğurla davam etməkdədir. Sevindirici haldır ki, bizim başladığımız bu istiqamətdə hazırda təxminən 9 şirkət tərəfindən yeni müxtəlif istiqrazlar tədavülə buraxılıb. Bu, bütünlükdə Azərbaycan maliyyə bazarı üçün çox önəmli inkişafdır.
2 noyabr tarixində ikinci bazar əməliyyatlarının başlamasını hədəfləyirik. Ümid edirik ki, bu layihəmiz də uğurlu başlayacaq.  Azərbaycan maliyyə bazarlarına töhfə verərək başda SOCAR-ın prezidenti Rövnəq Abdullayevin birinci tədavüldəki böyük dəstəyi kimi, yeni tədavüldə də Müşahidə Şuramızın dəstəyi ilə bu tədavülü həyata keçiririk.

Qeyd edim ki, 29 oktyabr SOCAR istiqrazlarına abunə yazılışı üçün son gündür. İstiqraz əldə etmək istəyənlər ASAN 1 və ASAN 5 mərkəzlərinə və investisiya şirkətlərinə müraciət edə bilərlər".