Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (14-12-2020, 09:19)
İşığın tarifləri gecə və gündüzə görə dəyişəcəksə, bəs oğurluq necə olacaq?! - AKTUAL

İşığın tarifləri gecə və gündüzə görə dəyişəcəksə, bəs oğurluq necə olacaq?!
2022-ci ildən Azərbaycanda elektrik enerjisi tarifləri günün saatından asılı olaraq dəyişə bilər. Yəni, bu dəyişiklik ölkədə gecə-gündüz tariflərinin tətbiq edilməsini nəzərdə tutub. Artıq bununla bağlı hökumətdə müzakirələr gedir. Mediada dərc olunan məlumata görə, Energetika Nazirliyinin "Kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nə uyğun hazırladığı layihə aidiyyəti dövlət qurumlarına göndərilib. Layihəyə əsasən, günün pik saatlarında elektrik enerjisi nisbətən baha, qeyri-pik və gecə saatlarında isə nisbətən ucuz olacaq.

Maraqlıdır, belə bir addımın atılması, tariflərin bu cür tənzimlənməsi ilə mövcud sahədə nə kimi dəyişikliklərə nail olmaq olar?

İqtisadçı ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında qeyd edib ki, bu məsələyə bir neçə aspektdən baxmaq lazımdır:

"İlk növbədə bu gün ölkəmizdə tətbiq edilən tariflərin iqtisadi səmərəliliyi və əhalinin alıcılıq gücü aspektindən bu məsələni qiymətləndirmək olar. İkinci aspektdən baxdıqda görə bilərik ki, bu gün elektrik enerjisi Azərbaycanda kifayət qədər yüksəkdir. Çünki Azərbaycanı eyni gəlirli ölkələrlə müqayisə etdikdə görə bilərik ki, adambaşına elektrik enerjisinə sərf olunan xərclər daha çoxdur. Yəni bənzər gəlirli ölkələrdə əhalinin ailə büdcəsində elektrik enerjisi sərfiyyatı daha aşağıdır. Bu istiqamətdən qiymətləndirmə aparsaq, deyə bilərik ki, bugünkü tarif sisteminin dəyişdirilməsinə hansısa formada ehtiyac yaranır, yəni qiymətlərin daha da aşağı salınmasına və əlçatan olmasına ehtiyac var".
Ekspertin sözlərinə görə, hazırda dövlət müəssisələrinin tam və yaxud qismən özəlləşdirilməsi, xüsusi ilə də təchizat sahələrində özəlləşmə gündəmdədir. "Bu gün bu müəssisələr dotasiya, subsidiya ilə dolanır. Yəni, Açıq Səhmdar Cəmiyyətlərinin böyük əksəriyyətinin gəlirləri xərclərini kompensasiya etmir. Rəsmi olaraq həmin qurumlar göstərməyə çalışır ki, tarif siyasəti məhsulun maya dəyəri ilə uzlaşdırılmır, daha çox sosial faktorlarla, yəni, əhalinin alıcılıq gücü ilə uzlaşdırılır. Bu səbəbdən də səmərəlilik yoxdur, zərər var", - deyə ekspert əlavə edir.

R.Həsənov bildirir ki, bu sferada səmərəliliyin olmamasının əsas səbəbi səriştəsiz idarəetmə və korrupsiya amillərinin geniş yayılmasıdır: "Ölkə başçısının çıxışı bir daha göstərdi ki, dövlət müəssisələri tamamilə oğurluq, talan və korrupsiya ilə məşğuldurlar. Bu dövlət müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyəti kəsirlə ortaya çıxır. Buna görə də indiki halda belə bir yanaşma qoyulur, beynəlxalq metodologiyalardan istifadə edilməklə hansısa formada fərqli sosial qruplara qarşı eyni zamanda günün müəyyən hissələrində, pik saatlarda təzyiqin aşağı salınması məqsədilə qiymətlər artırılsın. Belə olan halda təbii ki, insanlar daha ekonomik davranışlar nümayiş etdirəcək ki, bu da müəyyən qədər də olsa, tələbi aşağı salacaq".

Ekspertin fikrincə, qeyri-pik saatlarda qiymətləri optimallaşdırmaqla tələb səviyyəsini müəyyən tarazlıq səviyyəsinə gətirib çıxartmaq olar. Bu, dünya təcrübəsində müəyyən qədər tətbiq olunan alətlərdən biridir. Lakin bu zaman da son sözü təbii ki, müəyyən edilən tariflər deyəcək.

İqtisadçı bildirir ki, biz artıq elektrik enerjisini ixrac edən ölkəyik, təminatla bağlı problem yoxdur. Əsas məsələ müəssisələrin fəaliyyətinin səmərəliliyinin təşkil olunması və eyni zamanda da bu prosesə özəl sektorun cəlb edilməsidir.

Həsənov hesab edir ki, özəl sektorun bu prosesə cəlb edilməsi müəssisələrin fəaliyyətində şəffaflığı şərtləndirə bilər, əlbəttə ki, bu proses sona qədər davam etdirilərsə:

"Nə üçün sona qədər qeyd edirəm, çünki Azərbaycanda bəzi hallarda biz onu da müşahidə edirik ki, bu məqsədlə yola çıxılır, yəni sistem özəl sektorun fəaliyyətinə uyğunlaşdırılır, lakin özəlləşmə baş tutmur. 2015-ci ildən "Azərbaycan Beynəlxalq Bankı"nın sağlamlaşdırılması və özəlləşdirilməsi ilə bağlı prezidentin sərəncamı oldu. Hökumət iki ildir açıqlayır ki, sağlamlaşma prosesi bitib. Bəs, o zaman niyə özəlləşdirilmir? Çünki yenə də müəyyən, subyektiv maraqlar var. Burada müxtəlif faktorlar konkret qərarların qəbuluna mənfi təsir göstərir. Bu səbəbdən bənzər istiqamətlərdə də eyni problemlərin müşahidə olunacağından ehtiyat edirəm. Yəni tariflər dəyişdirilsin, qiymətlər hansısa formada artırılsın, bununla həmin müəssisələrin gəlirlərinin artırılması təmin olunsun, lakin son nəticə olaraq müəssisələr özəlləşdirilməsin və bu gəlirlər korrupsiyanın predmetinə çevrilsin. Lakin özəl sektor prosesə cəlb olunarsa, o zaman şəffaflıq, səmərəlilik olacaq və bu istiqamətdə hüquqi bazanın daha da təkmilləşdirilməsinə ehtiyac olacaq".
Ekspert deyir ki, Azərbaycanda təbii inhisarçılar istehlakçılar qarşısında heç bir məsuliyyət daşımır. Yəni "Azərenerji", "Azərişıq", bu gün onların nöqsanları səbəbindən elektrik enerjisinin ötürülməsində baş verən qəzalar səbəbindən istehlakçılara dəymiş zərərlərin ödənilməsi görməmişik. Bu istiqamətdə məhkəmələr iddiaları təmin edə bilmir. Əslində isə enerjisini ötürən tərəf məsuliyyət daşımalıdır. Lakin bu bizdə yoxdur.

"Ümid edirəm ki, tariflərlə bağlı bu dəyişiklilər həm səmərəliliyi artıracaq, şəffaflıq təmin olunacaq, istehlakçı hüquqlarının qorunmasına səbəb olacaq. Eyni zamanda da təchizat sisteminin təkminləşdirilməsi və bu istiqamətdə yönələn investisiyanın həcminin artması, dövlət büdcəsi üzərində yaranan süni yüklərin azalması və həmin müəssisələrin fəaliyyətinin də səmərəli təmin olunmasına səbəb olacaq", - deyə ekspert proqnoz verib.

Gecə-gündüz tarifinə nəzarətə gəldikdə isə ekspert bu prosesin elektron şəkildə həyata keçiriləcəyini deyir: "Bu proses proqram təminatı ilə olacaq. Bu zaman günün gecə və gündüz olmasına görə tariflər istifadə olunduğu müddətə görə iki cür hesablanacaq. Lakin "burada da yeyinti ola bilərmi?" sualına cavab olaraq bu ehtimalın ola biləcəyini qeyd edə bilərəm. Məsələn, "Azərişıq" ASC daha bahalı dövrdə satdığı elektrik enerjisini normal dövrdə, yəni, tarifin daha aşağı olduğu müddətdə satışla əvəzləyə bilər və oğurlaya bilər. Əmin olun ki, bu sahədə kifayət qədər peşəkardırlar və bu belə də olacaq".

Həsənovun sözlərinə görə, sovet dövründən də belə bir təcrübə qalıb ki, ötürmə zamanı itkilər olur. Bu, kommunal təchizatla bağlı digər qurumlarda da olur. Amma bu itkilərin bir qismi obyektiv səbəblərdən, yəni texniki səbəblərdən qaynaqlanırsa, əhəmiyyətli hissəsi subyektiv səbəblərdən baş verir. Kommunal təchizatla məşğul olan qurumlar enerjini hansısa sahibkarlıq subyektinə satır, qeyri-rəsmi sövdələşmə ilə bunun heç uçotunu da aparmırlar, aylıq rüşvət kimi müəyyən məbləği alaraq ciblərinə qoyurlar. Həmin fərqi isə itki kimi rəsmiləşdirirlər və bu da dövlətin üzərində qalır. Ona görə də özəl sektorun fəaliyyəti çox önəmlidir. Özəl sektorun bu kimi fəaliyyətlərə daxil olmasına ehtiyac var, bu zaman itkilərin azalması üçün investisiya qoyulacaq.

P.s.Qeyd edək ki, səsləndirilən fikirlərlə əlaqədar "Azərişıq" ASC rəsmi mövqeyini dərc etməyə hazırıq.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024