İqtisadiyyat (3-10-2018, 14:30)
Azərbaycanda dollara tələbat azalıb
Bankların dollara olan tələbatı sentyabr ayında iki dəfə azalıb.
Mediatv.az xəbər verir ki, Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin sentyabr ayı ərzində valyuta hərraclarında 394,8 milyon ABŞ dolları satılıb.
Halbuki, avqust ayı ərzində fond valyuta bazarına 733,7 milyon ABŞ dolları məbləğində vəsait çıxarmışdı. Bu isə onu deməyə əsas verir ki, qonşu Rusiya və Türkiyədə partlayan “dollar bombası”nın Azərbaycan vətəndaşlarına psixoloji təsirləri artıq səngiməyə başlayıb.
Əgər ay ərzində Mərkəzi Bankın nəzarəti ilə “Bloomberg” platforması üzərindən səkkiz hərracın keçirildiyini nəzərə alsaq, fondun təxminən hər hərraca 50 milyon dollar çıxardığı məlum olur.
Qeyd edək ki, ARDNF tərəfindən 2017-ci ilin sentyabr ayı ərzində cəmi 252,2 milyon ABŞ dolları satılmışdı. Bu isə fondun dollar satışının bu ilin sentyabrında ötən ilin eyni dövrünə nisbətdə 142,6 milyon manat artdığını göstərir.