İqtisadiyyat (16-02-2018, 15:30)
BP Azərbaycanda ötənilki neft hasilatı ilə bağlı rəqəmləri açıqladı
“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 2017-ci ildə gündə orta hesabla 588 min barel və ya ümumilikdə təqribən 215 milyon barel, yəni 29 milyon ton neft hasil olunub.
Mediatv.az xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin ilin yekunları ilə bağlı hesabatında qeyd olunub.
Məlum olub ki, il ərzində blokdan stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib:
“İl üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (51 min), “Mərkəzi Azəri” (137 min), “Qərbi Azəri” (124 min), “Şərqi Azəri” (82 min), “Dərinsulu Günəşli” (117 min) və “Qərbi Çıraq” (77 min) platformalarından birlikdə – gündə orta hesabla 588 min barel və ya ümumilikdə təqribən 215 milyon barel, yəni 29 milyon ton olub.
İlin sonunda AÇG-də ümumilikdə 115 neft hasilat quyusu və 54 qaz və su injektor quyusu istismarda olub”.
Xatırladaq ki, 2017-ci il sentyabrın 14-də AÇG-nin 2050-ci ilə qədər birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Saziş oktyabrın 31-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub.
Yeni müqavilədə tərəfdaşların pay bölgüsü bu nisbətdədir: BP - 30,37%, AzACG (SOCAR) - 25,00%, “Chevron” - 9,57%, “Inpex” - 9,31%, “Statoil” - 7,27%, “ExxonMobil” - 6,79%, TP - 5,73%, “Itochu” - 3,65%, “ONGC Videsh Ltd.” (OVL) - 2,31%.