Gündəm (20-09-2016, 09:11)
Azərbaycanda Neftçilər Günü qeyd olunur
Bu, ümummili lider Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib
Mediatv.az: Hər il 20 sentyabr tarixi Azərbaycanda neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı – Neftçilər günü kimi qeyd olunur.
Bu günün peşə bayramı kimi qeyd edilməsi Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib.
Məhz həmin günün bu sektorda çalışanların peşə bayramı kimi qeyd edilməsi isə 1994-cü il sentyabrın 20-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında 8 ölkənin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Türkiyə, Norveç, Yaponiya, Rusiya və Səudiyyə Ərəbistanı) 13 məşhur neft şirkəti (BP, SOCAR, “Amoco”, “McDermott”, “Unocal”, “LUKoil”, “Statoil”, “Exxon”, TPAO, “Pennzoil”, “Itochu”, “Ramco”, “Delta”) arasında müqavilənin imzalanması ilə bağlıdır.
Təxminən 400 səhifə həcmində və 4 dildə hazırlanmış müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb.
“AÇG” yatağı altı hasilat platformasından – “Çıraq-1″, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli”, “Qərbi Çıraq” və ən müasir texnologiyalarla təchiz edilmiş iki texnoloji emal, kompressiya, suvurma və texnoloji təchizat platformasından ibarət olan kompleksə malikdir.
“AÇG” yatağının işlənməsi bir neçə mərhələdə həyata keçirilib. “Çıraq-1″ platformasında hasilata 1997-ci ildə, “Mərkəzi Azəri”də 2005-ci ilin əvvəlində, “Qərbi Azəri”də 2005-cı ilin dekabrında, “Şərqi Azəri”də 2006-cı ilin sonunda başlanılıb. AÇG-nin növbəti işlənmə mərhələsi olan “Dərinsulu Günəşli”dən (Faza-3) hasilat 2008-ci ilin aprel ayında başlanıb.
Sonuncu mərhələnin başlanması isə 2010-cu ildə sanksiya verilən “Çıraq” neft layihəsidir. “Qərbi Çıraq” platforması dənizin mövcud “Çıraq” və “Dərinsulu Günəşli” platformaları arasında quraşdırılıb və burada 2014-cü il yanvarın 28-də hasilat başlayıb.
Bu müqavilə ilə “AÇG”də hasil edilən neft Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərləri ilə dünya bazarlarına ixrac edilir.
“AÇG”də hazırda BP (operator – 35,8%), SOCAR (11,6%), “Chevron” (11,3 %), “Inpex” (11%), “Statoil” (8,6%), “ExxonMobil” (8%), TPAO (6,8 %), “Itochu” (4,3%), “ONGC Videsh Ltd.” (2,7 %) paya malikdir.
Neftçilər günündə sənayenin bu sahəsində əldə edilən uğurlar və qarşıda duran əsas məsələlər müzakirə edilir, bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir.