İqtisadiyyat (20-12-2017, 19:30)
Gürcüstana gətirilən avtomobillər üçün yeni qayda tətbiq ediləcək
Gürcüstan parlamenti ölkəyə daxil olan xarici dövlət nömrə nişanlı avtomobillərlə bağlı yeni qanun qəbul edib. Qanuna əsasən, 15 gündən artıq Gürcüstan ərazisində qalan xarici nömrəli avtomobilin sürücüsü ölkəyə daxil olan zaman nəqliyyat vasitəsini sığortalamalıdır. Qanun layihəsi prezident tərəfindən təsdiqlənərsə, 2018-ci il 1 mart tarixindən qüvvəyə minəcək.
Mediatv.az xəbər verir ki, bu barədə Report "Sputnik Georgia" agentliyinə istinadən xəbər verib.
Layihəyə əsasən, Gürcüstana daxil olan xarici nömrəli avtomaşınların sığorta qiyməti nəqliyyat vasitəsinin növündən və sığorta müddətindən asılı olacaq. Sürücülər sığortanı nəzarət-keçid məntəqəsində əldə edə biləcəklər. Avtonəqliyyat vasitəsini 15, 30, 90 günlük, həmçinin 1 illik sığortalamaq mümkün olacaq. Sığorta yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmişə dəymiş həm fiziki, həm də maddi zərəri əhatə edəcək.
Sürücülər sığorta olunmayan motosiklet, avtomobil, kənd təsərrüfatı texnikasına görə 100 lari (39,2 dollardan çox), avtobus və yük avtomobilləri üzrə 200 lari (78,4 dollar) cərimələnəcəklər.