İqtisadiyyat (12-12-2017, 13:00)
"Azəriqaz" DSMF-yə borclarının olmadığını açıqladı
"Azəriqaz" İstehsalat Birliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) borcu yoxdur.
Mediatv.az xəbər verir ki, bunu İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev "APA-Economics"ə bildirib.
O deyib ki, "Azəriqaz" tərəfindən yaranan ödənişlər vaxtında icra edilir və hal-hazırda vaxtı keçmiş borc qalmayıb.
"Bununla bağlı məhkəmə iddiası qaldırılması ilə əlaqədar hər hansı bir məlumat "Azəriqaz" İstehsalat Birliyinə daxil olmayıb", - deyə o vurğulayıb.
Bundan öncə xəbər verdiyimiz kimi, DSMF cari ilin 6 ayı ərzində əsasən böyük məbləğdə borcu olan sığortaedənlərə qarşı məhkəmə iddiası qaldırıb. İddiaların 4-ü iri sığortaedənlərə qarşı (o cümlədən, 1 iddia "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə qarşı, 3 iddia "Azəriqaz" İstehsalat Birliyinə qarşı), 16-sı dövlət mülkiyyətində olan digər təşkilatlara qarşı, 1-i bələdiyyə mülkiyyətində olan təşkilata qarşı, 228-i digər hüquqi şəxslərə qarşı, 513-ü isə fiziki şəxslərə qarşı qaldırılıb.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC DSMF-yə borcunun olmasını inkar edib.