İqtisadiyyat (23-11-2017, 09:42)
Zakir Nuriyev: Cari ildə ölkədən maliyyə axınları əhəmiyyətli dərəcədə azalıb
“Son üç ildə - 2014-cü ilin sonlarından etibarən hiss edilməyə başlanan xarici şoklar, xüsusilə neqativ neft qiyməti şokunun təsiri ilə Azərbaycan iqtisadiyyatında, o cümlədən iqtisadiyyatımızın ayrılmaz tərkib hissəsi olan maliyyə-bank sistemində mürəkkəb vəziyyət müşahidə edilib. Keçən dövr strateji iqtisadi islahat proqramlarının hazırlanması, icrasına başlanması və iqtisadiyyatın yeni şəraitə adaptasiyası dövrü kimi yadda qalıb, eyni zamanda, bank sektorunun sağlamlaşdırılması və konsolidasiyası istiqamətində tədbirlər həyata keçirilib”.
Mediatv.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda (İslahatlar, Nəticələr və Perspektivlər) Azərbaycan Banklar Assosiasiyasının sədriZakir Nuriyev deyib.
Onun sözlərinə görə, artıq cari ilin əvvəllərindən etibarən real sektorda bərpa prosesləri müşahidə edilməyə başlanıb, iqtisadiyyatın əsas prioritet sahəsi olan qeyri-neft sektorunda iqtisadi artım neqativ zolaqdan çıxıb: doqquz ayın yekunlarına görə qeyri-neft iqtisadiyyatında ciddi artım müşahidə edilib: “Neft qiymətlərindəki neqativ trendin aşağı templə və tərəddüdlərlə olsa da, yüksələn trendlə əvəz olunması tədiyyə balansının cari hesabında kəsirdən profisitə keçidə şərait yaratıb. İqtisadiyyatın prioritet sahələrinin inkişafı, həmçinin ixracın stimullaşdırılması və dəstəklənməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən islahatlar, eyni zamanda, “ucuz manat”a reaksiya olaraq qeyri-neft iqtisadiyyatı üzrə xarici sektor balansında tarazlaşma meyilləri müşahidə edilməyə başlayıb, 2017-ci ilin ilk yarısında qeyri-neft sektoru üzrə cari hesab kəsri 22,4% kiçilib”.
Z.Nuriyev bildirib ki, cari ildə ölkədən maliyyə axınları əhəmiyyətli dərəcədə azalıb, qeyri-neft sektoruna birbaşa xarici investisiya qoyuluşları artıb, maliyyə hərəkəti hesabında əvvəlki ildə müşahidə edilən kəsir profisitlə əvəz olunub: “Xarici sektorda müşahidə edilən pozitiv meyillər, eyni zamanda, Azərbaycan Mərkəzi Bankı tərəfindən həyata keçirilən pul siyasətinin nəticəsi olaraq daxili valyuta bazarı stabilləşib və məzənnə stabilliyi təmin edilib. Məzənnə stabilliyinin təmin edilməsi iqtisadiyyatın monetizasiyasının yaxşılaşdırılmasına şərait yaradıb, il ərzində manatla pul bazası 10,3% artırılıb”.