İqtisadiyyat (15-11-2017, 20:30)
Azərbaycanda ünvanlı sosial yardım ləğv edilir
“Yaxın 6-7 il ərzində ünvanlı sosial yardımın ləğv edilməsi nəzərdə tutulur. Bununla bağlı ünvanlı sosial yardımlar alan ailələr üçün özünüməşğulluq proqramlarının icrasına başlanılıb. Bu proqramların icrası məqsədilə ötən il özünüməşğulluq sisteminə keçidlə bağlı proqramların icrasına 6 milyon manat ayrılmışdı və bu proqramların icrası 8 minə yaxın insanı əhatə edib”.
Mediatv.az Report-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Məclisdə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir deyib ki, növbəti ildə isə özünüməşğulluq sisteminin inkişaf etdirilməsi və daha geniş əhali təbəqəsini əhatə etməsi məqsədi ilə 35,6 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur: “Biz bu yolla ailə tərkibində əmək qabiliyyəti olan insanları özünüməşğulluq sisteminin tətbiqi ilə işlə təmin etməyi qarşımıza məqsəd qoymuşuq. Bu yolla ailə tərkibində əmək qabliyyəti olan insanları işlə təmin etməklə vətəndaşlara ünvanlı sosial yardım sistemini aradan qaldırmış olacağıq. Bu proses təqribən 6-7 il davam edəcək. Ondan sonra Azərbaycanda ailədə əmək qabiliyyəti olan şəxs işsiz qalmayacaq. Bu proses tam başa çatdıqdan sonra ünvanlı sosial yardım ləğv ediləcək. Sadəcə, ailədə əmək qabiliyyəti olmayanlara dövlət yardımı veriləcək. Belə ailələrə dövlət yaşayış minimumundan yuxarı miqdarda orta bir məbləğ müəyyənləşdirəcək və yardım verəcək”.