İqtisadiyyat (8-11-2017, 10:09)
Əhali bank sisteminə inanmır
Pul-kredit siyasəti ilə bağlı məsələlər ciddidir. Manatın məzənnəsinin qorunub-saxlanması müsbət haldır. Manatın məzənnəsinin sabitliyi ixrac üçün müəyyən potensial yaradır".
Mediatv.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı millət vəkiliVahid Əhmədov deyib.
Deputat bank sistemindəki problemlərin hələ də tam həll olunmadığına diqqət çəkib: "Əhalinin bank sisteminə inamı artmalıdır. Çox təəssüf ki, artmır. Keçən ilin birinci yarısında 7,8 milyard manat əmanət var idisə, bu ilin 6 ayında bu göstərici 6,9 milyard manata enib. Manatın məzənnəsinin qorunub-saxlanmasının iki tərəfi var. Birincisi, manatın məzənnəsinin qorunub-saxlanması müəyyən qədər pul kütləsinin qarşısını almaqla həyata keçirilir.
Əgər 2015-ci ildə dövriyyədə təxminən 12 milyard manat var idisə, hazırda dövriyyədə 8 milyard manat var. Dövriyyədə pul kütləsinin azalması real sektorun inkişafına təsir edir. Ona görə, biz 2017-ci ildə real sektorun inkişafında artım gözləmirik. Elə etmək lazımdır ki, 2018-ci ildə real sektorda inkişafa nail olaq. Dövlət ötən 10 il ərzində çox işlər görüb. Bütün rayon və şəhərlərdə infrastruktur layihələr həyata keçirilib. İndi əhali, biznes və banklar da işləməlidir. Yəni banklar əhali ilə çox ciddi məsələləri həll etməlidir. Təəssüflər olsun ki, bank sistemində biz sağlamlaşdırma prosesini görmürük. Bank sisteminin kapitallaşması, likvidlik kimi məsələlər öz həllini tapmayıb".
Millət vəkili Hesablama Palatasına müraciət edərək Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətini yoxlamağı xahiş edib. "Bank Standard" bağlananda böyük problemlər yarandı. 43 minə yaxın insan 157 milyon manat vəsaitini ala bilmir. Bu il dövlət büdcəsindən 500 milyon manat Əmanətlərin Sığortalanması Fonduna vəsait ayırdıq. Hesablama Palatasından xahiş edirəm ki, bu 500 milyon manatın necə xərclənməsini yoxlasın. Əmanətlərin Sığortalanması Fondu 500 milyon manat vəsait alıbsa, niyə əhali əmanətlərini ala bilmir? Biz əhalidən yüzlərlə məktub alırıq, insanlar şikayət edir. Bank sisteminin sağlamlaşdırması çox ciddi məsələdir", - deyə o vurğulayıb.