İqtisadiyyat (30-09-2017, 19:00)
Ali İhsan Gənc: Azərbaycanda tikinti sektorunda artım tempi çox aşağı düşüb
"2017-ci ilin əvvəlindən vergi sahəsində həyata keçirilən islahatlar Azərbaycanda biznes mühitinin bütün sahələrinə öz töhfəsini verir".
Mediatv.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TUİB) növbəti ümumi yığıncağında təşkilatın rəhbəri Ali İhsan Gənc deyib.
Onun sözlərinə görə, vergi sahəsində islahatların aparılmasına baxmayaraq, bu sahədə bəzi axsaqlılar hələ də qalmaqdadır. "İş yerlərində qeydiyyata alınan və alınmayan mallar, materiallar, əsas vəsaitlər var. Bu mallar üçün məqbul vergi nisbəti müəyyənləşdirilməlidir ki, biz də bu malları rəsmi qeydiyyata alaraq, onların vergisini ödəyə bilək. Bu, burada iştirak edən bütün sahibkarların əsas istəyidir. Biz vergilər nazirinin müavini İlkin Vəlieyvlə görüşüb bu məsələni müzakirə etmişik, təkliflər vermişik. Düşünürəm ki, bununla bağlı qanuni normalar hazırlanmalıdır", - deyə təşkilat rəhbəri vurğulayıb.
O, icbari tibbi sığorta sahəsində İcbari Sığorta Bürosu ilə müzakirələr aparıldığını, bu istiqamətdə Azərbaycanla təcrübə mübadiləsinə hazır olduqlarını bildirib.
Təşkilat rəhbəri əlavə edib ki, 2014-cü ildə baş verən devalvasiyadan sonra Azərbaycanda tikinti sektorunda artım tempi çox aşağı düşüb: "Bu sektor yalnız tikinti işlərini əhatə etmir. Tikinti sektoru nəqliyyat, ticarət, sənaye və digər sektorların canlanmasına birbaşa təsir edir. Buna görə, bu sektor tezliklə inkişaf etdirilməli, bu sahədə mövcud işsizlik aradan qaldırılmalıdır".