İqtisadiyyat (8-09-2016, 10:45)
Mərkəzi Banka qarşı ittihamlar... - “qara bazar” yaratmaqda GÜNAHLANDIRILDI
“Banklarımız dollar satmır. Bunu başqa cür də demək olar: banklarımız manat almır”. Bu fikirləri maliyyə eksperti Əkrəm Həsənov deyib.
Mediatv.az Modern.az-a istinadən xəbər verir ki, ekspert maliyyə bazarındakı son vəziyyəti şərh edib
“Eyni ilə Mərkəzi Bankın da tələbata uyğun banklara dollar satmamasını belə ifadə etmək olar: Mərkəzi Bank ona təklif olunan manatın hamısını almır. Və əgər bankları haradasa başa düşmək olarsa (1. Dolları azdır; 2. Ümumiyyətlə, sahibkar hər hansı əqd bağlayıb-bağlamamqda sərbəstdir), Mərkəzi Bankın bu mövqeyini başa düşmək mümkün deyil.
Çünki Konstitusiyanın 19-cu maddəsinə əsasən, pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Mərkəzi Banka mənsubdur. Yəni manat Mərkəzi Bankın buraxdığı əşyadır, maldır, əmtəədir. Nə qədər istəyir, o qədər də buraxır. Buna görə də qiymətini də özü müəyyən edir. Həmin qiymət o cümlədən xarici valyutalara nisbətdə rəsmi məzənnədir.
Mərkəzi Bank deyirsə ki, 1 dollar 1,6403 manatdır, deməli elan edir ki, 1,6403 manatı 1 dollara almağa hazırdır (yaxud da 1 dolları 1,6403 manata satmağa hazırdır – fərqi yoxdur).
Hüquqda buna “ümumi oferta” (yəni "ümumi təklif") deyilir və Mülki Məcəllənin 408.7-ci maddəsində nəzərdə tutulub: “Əgər müqavilənin bütün mühüm şərtlərini əks etdirən təklifdən onu irəli sürmüş şəxsin təklifdə göstərilmiş şərtlər ilə müqaviləni cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünürsə, belə təklif ümumi oferta sayılır”.
Təsəvvür edin ki, satıcı kartofun üstündə qiymətini yazıb: 1 kq – 1 manat. Amma alıcılar gələndə deyir ki, “satmıram”. Adama deməzlər ki, zalım oğlu zalım, dediyin qiymətlə satmırsansa, başımızı niyə xarab edirsən, satacağın qiyməti de, biz də alıb-almayacağımız haqda qərar verək də?”.
Mərkəzi Banka gəldikdə isə ekspert məsələnin bundan da absurd olduğunu deyib:
“Mərkəzi Bank öz buraxdığı manatı elan etdiyi rəsmi məzənnə ilə almaq istəmirsə, deməli, bunu əlverişsiz hesab edir. Əlverişsiz hesab edirsə, deməli, manatın həqiqi dəyəri elan edildiyindən aşağıdır. Bir sözlə, rəsmi məzənnənin heç bir mənası yoxdur.
Elman Rüstəmovun manatın üzərindəki imzasının mənası kimi... Həm hüquqi, həm də mənəvi cəhətdən imza edən imzasının da, sözünün də arxasında durmalıdır. Amma Rüstəmov nə ötənilki devalvasiyalar qabağı verdiyi sözünü tutdu, nə imzasının arxasında durur, nə də elan etdiyi qiymətlə manat alır.
Manatı buraxana manat lazım deyilsə, başqalarından nə gözləmək olar?
Manatı buraxan dolayısı ilə onun rəsmi məzənnəsinə etimad etmirsə, başqaları necə etimad etsin?
Belə şəraitdə qara bazar necə yaranmasın axı? Həmin bazar bilavasitə Mərkəzi Bankın hərəkəti nəticəsində yaranıb. Kim bilir, bəlkə də istəyi ilə..”.