İqtisadiyyat (8-09-2016, 09:13)
Əhali dollar kreditlərini ödəyə bilmir
Ekspertlərin sözlərinə görə, problem daha da kəskinləşəcək
Mediatv.az: Manatın yenidən dəyər itirməsi geri qaytarılmayan kreditlərin çəkisini artıracaq. Ekspertlər bildirirlər ki, dəfələrlə bununla bağlı edilən təkliflər rəsmilər tərəfindən eşidilmədiyindən, durum daha da ağırlaşıb. Dolların get-gedə bahalaşması ödəmə imkanları tükənməyən vətəndaşları belə krediti ödəməkdən yayındırır. Eyni zamanda manatın dəyərini itirməsi, gəlirlərin azalması, bir çox iş yerlərinin bağlanması, bahalaşma səbəbindən bir çox vətəndaşlar kredit ödəmək qabiliyyətini itirib. Bu səbəbdən problemli kreditlərin kəskin şəkildə artacağı proqnozlaşdırılır.
Ekspert Əkrəm Həsənov musavat.com-a açıqlamasında bildirib ki, manatın get-gedə ucuzlaşması geri qaytarılmayan kreditlərin faizini kəskin artıracaq: “Nəzərə alaq ki, ölkədə kreditlərin ən azı yarıdan çoxu dollarla verilib, problemli kreditlərin də mütləq əksəriyyəti xeyli hissəsi məhz dollar kreditləridir. Dolların məzənnəsi indi qalxıb, artıq hamı başa düşür ki, devalvasiya qaçılmazdır. Həmin kreditlərin qaytarılması problemi daha da kəskinləşəcək. Bu gün devalvasiyadan daha çox qorxan məhz banklardır. Çünki onsuz da dollar kreditlərini geri qaytarmağa çətinlik çəkirdilər. Yenə bəzi borcalanlar qaytarırdılar. Bunu banklar aldatma yolu ilə geri alırdılar, yəni banklar əvvəlki məzənnə ilə borcu sildiklərini bildirirdilər. Amma bu devalvasiyadan sonra həm borcu ödəyə bilməyənlərin sayı artacaq. Həm də borcu ödəmək istəməyənlərin sayı da artacaq. Çünki bəzi vətəndaşlarımız borc ödəyə bilir, sadəcə bunu ədalətsiz hesab edir. Deyir ki, mən 0,78 ilə götürmüşdüm, indi artıq 1,70-ə çıxıb və artmaqda davam edir. Yəni vətəndaş ömrünün sonuna qədər bu borc ödəyəsi deyil. Məzənnə daim qalxacaq, vətəndaşın borcu da artacaq”.
Ekspert dollar kreditləri ilə bağlı dəfələrlə verilən təklifləri də xatırladıb və onun həyata keçirilməməsini səhv adlandırıb: “Dəfələrlə təklif vermişdik ki, Mərkəzi Bank gərək banklara manat verəydi. Banklar da bu dollar kreditlərini manata çevirəydilər. Bu halda heç olmasa, bir kompromis məzənnə ilə çevirmə etməli idilər, amma etmədilər. Buna görə də o problem kəskin olaraq qalır, indi daha da kəskinləşəcək”.
Ə.Həsənov həmçinin vurğulayıb ki, vətəndaşlar dollar kreditlərini ödəyən zaman problemlə qarşılaşırlar. Banklar pulu dollarla ödəməyi tələb edir ki, bu da qanunsuzdur: “Mərkəzi Bankın təqsiri ucbatından yaranmış dollar qıtlığı dollar kreditlərinin ödənilməsində də problemlər yaradıb. Belə ki, mənə daxil olan müraciətlərə əsasən, bəzi banklar borclulardan dollar kreditlərini manat ekvivlentində qəbul etmir və ödənişin mütləq dollarla həyata keçirilməsini tələb edir. Səbəb məlumdur, manat faktiki olaraq artıq növbəti kəskin devalvasiyaya məruz qaldığı üçün dollar ödənişini rəsmi məzənnəyə nisbətdə 4 faizlik marja çərçivəsində manatla qəbul etmək banklara sərf etmir. Amma bankların bu hərəkəti qanuna və bütün dünyada qəbul edilmiş milli valyutanın qanuni ödəniş vasitəsi olması prinsipinə ziddir. Belə ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 36.3-cü maddəsində deyilir: “Mərkəzi Bankın buraxdığı pul nişanları, o cümlədən yubiley və xatirə pul nişanları Azərbaycan Respublikasının bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilməlidir”.
Ekspertin sözlərinə görə, qanunu pozaraq bank ödənişi qəbul etmirsə, borclu Maliyyə Bazarlarına Nəzarət Palatasına və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə, habelə məhkəməyə şikayət edə bilər: “Eyni zamanda, borclu bankın qəbul etmədiyi manat məbləğini notariusun depozit hesabına qoyaraq öhdəliyini icra bilər. Belə ki, Mülki Məcəllənin 532.1-ci maddəsinə əsasən əgər kreditor icranın qəbulunu yubandırırsa, borclu icra predmeti olan pulu notariusun depozit hesabına qoya bilər. Və bu barədə ləngimədən kreditora bildiriş göndərməlidir. Məcəllənin 532.3-cü maddəsinə görə pulu depozitə qoymaqla borclu öz öhdəliyindən azad edilir, çünki bu halda depozitə qoyma öhdəliyin kreditora icra edilməsinə bərabər tutulur. Sadəcə bu halda “Notariat haqqında” Qanunun 74-cü maddəsini də nəzərə almaq lazımdır. Həmin maddəyə əsasən pul hər hansı deyil, öhdəliyin icrası yerinin notariusunun depozit hesabına qoyulmalıdır. Başqa sözlə, bankın baş ofisinə və bütün filial və şöbələrinə ərazi baxımından ən yaxın notariuslardan biri olmalıdır. Kreditin hansı filialdan alınması və ödənildiyi önəmli deyil. Çünki kredit bankın hər hansı filial və şöbəsində ödənilə bilər. Buna görə də sözügedən notariuslardan birini seçmək borclunun hüququdur. Əmanətçilər nəzərə alsınlar ki, pulunuzu etibar etdiyiniz bank borcları qəbul etmirsə, əmanətinizi necə qaytaracaq? Maraqlısı həm də odur ki, bəzi banklar artıq dollar əmanətlərini də zorla manatla qaytarır. Yəni öz borcunu manatla ödəyir, amma özünə olan borcu manatla qəbul etmir”.
Ekspert Vüqar Bayramov isə qeyd edib ki, dolların manata nisbətən həm rəsmi, həm də bazar məzənnəsinin yüksəlməsi xarici valyutada olan kreditlərin ödənilməsinə təsirsiz ötüşmür: “Bu, eyni zamanda, problemli kreditlərin həcminin artmasına gətirib çıxarır. Güman olunur ki, dolların bahalaşması problemli kreditlərin həcmini daha artıracaq. Mən ABŞ təcrübəsindən istifadə edilərək problemli kreditlərin və aktivlərin dövlət tərəfindən alınaraq sağlamlaşdırılmasını təklif edirəm. Belə ki, qlobal maliyyə böhranından sonra – 2008-ci ildə ABŞ-da İqtisadiyyatın Stabilləşməsi üzrə Fövqəladə Akt və buna uyğun olaraq da Problemli Aktivlərin Sağlamlaşdırılması Proqramı qəbul edildi. 426 milyard dolların xərcləndiyi bu proqramda əsas məqsəd problemi aktivlərin satın alınması və sağlamlaşdırılması oldu. Təbii ki, proqramın problemi aktivlərin qiymətləndirilməsi, onların səhmləşdirilməsi kimi inzibati problemləri olsa da bütövlükdə sözügedən təşəbbüs uğurlu oldu. Bu baxımdan, Azərbaycanda da Problemli Kreditlərin Sağlamlaşdırılması Proqramının qəbul edilməsi vacibdir”.
Onun sözlərinə görə, bu proqram çərçivəsində kreditlərin re-struktruzasiyasının aparılması, onların dövlət tərəfindən satın alınaraq səhmləşdirilməsi və bazara çıxarılması və o cümlədən yeni güzəşt mexanizmlərinin müəyyələşdirilməsi mümkündür: “Nəticədə bu, ABŞ-da olduğu kimi problemli kreditlər məsələsinin xeyli dərəcədə yumşalmasına, vətəndaşların banklardan borc asılılığının azalmasına eləcə də bankların özlərinin sağlamlaşdırılmasına səbəb ola bilər. Qeyd edim ki, bu proqram ilə bağlı təkliflərimi artıq hökumətə təqdim etmişəm və inanmaq istərdim ki, bu istiqamətdə fəaliyyət güclənəcək”.