İqtisadiyyat (29-06-2016, 14:48)
"Rosneft" Azərbaycan üzərindən İrana yanacaq ixrac edəcək
"Rosneft" 2017-ci ildən İrana yanacaq ixrac etmək niyyətindədir. Bu müddət ərzində "Petrocas Energy Group" şirkəti (onun səhmlərinin 49%-i "Rosneft"ə məxsusdur - red.) Cənubi Qafqaz dəhlizi üzərindən logistik terminal tikəcək.
Mediatv.az xəbər verir ki, bu barədə RBK-ya "Petrocas Energy Group"un baş direktoru Vano Nakaidze bildirib. İnformasiyanı şirkətin majoritar (51%) səhmdarı olan David Yakobaşvili də təsdiqləyib.
"Petrocas Energy Group" benzin və dizel yanacağını İranın Neka və Ənzəli limanlarına ixrac edəcək. İxrac şirkətin Gürcüstanın Poti limanındakı neft terminalından həyata keçiriləcək.
V. Nakaidze bildirib ki, Poti terminalının illik ötürücülük qabiliyyəti 3 mln. tondur. Hazırda o 1-1,5 mln. tonluq yüklənib. Terminal üzərindən Ermənistana, Azərbaycana və Gürcüstana əlvan neft məhsullarının ixracı həyata keçirilir.
TOP-menecer bildirir ki, İrana yanacaq nəqli Azərbaycanın dəmir yolları üzərindən həyata keçiriləcək: "Dəmir yolu ilə limanlara, o cümlədən Bakının limanlarına çatdırılan yanacaq buradan İrana tankerlərlə yola salınacaq".
"APA-Economics"