İqtisadiyyat (19-02-2016, 11:42)
Əhali kredit borclarını qaytarmır
“Dollarla olan kreditlərin qaytarılmasında ciddi problemlər yaşanır”
Mediatv.az-a bunu açıqlamasında bank üzrə ekspert Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, vətəndaşlar güzəşt edilmədiyi üçün dollarla olan kreditləri qaytarmırlar.
“Hazırda vətəndaşlarla banklar üz-üzə qalıb. Ən yaxşı halda banklar müştərilərinə kreditlərin vaxtını uzatmaq, aylıq ödənişi aşağı salmağı təklif edirlər. Belə olan halda isə vətəndaşın banka ödəyəcəyi məbləğ çoxalır. Bu isə vətəndaşın xeyrinə deyil.
Müştərilər banklardan xahiş edilər ki, dollarla olan borclarını manata çevirsinlər. Təbii ki, banklar da bununla razılaşmırlar”.
Ekspert hesab edir ki, problemli kreditlərlə bağlı məhkəməyə müraciətlərin sayı artıb: “Əvvəllər daha çox banklar vətəndaşları məhkəməyə verirdisə, indi vətəndaşlar da bankları məhkəməyə verirlər. Sahibkarların, biznesmenlərin, firmaların banklara külli miqdarda borcları var. Onlar da kreditlərini qaytara bilmirlər. Banklara qarşı bu qədər iddianın çoxalması onların işini daha da çətinləşdirəcək. Hesab edirəm ki, bu məqamda bankar vətəndaşlara güzəşt etməlidirlər, əks halda vəziyyət heç də ürəkaçan olmayacaq”.
Ə.Həsənov əksər bankların kredit verilişini dayandırdığını qeyd edib: “Banklar ağır günlər yaşayırlar. Onlar əmin deyillər ki, kredit verəcəkləri şəxslər borclarını vaxtında qaytaracaqlar, yoxsa yox. Bu baxımdan kredit verilişləri dayandırılıb. Banklar maaşı yüksək olan vətəndaşlara kredit verir”-deyə Əkrəm Həsənov bildirib.