İqtisadiyyat (6-10-2015, 23:12)
İqtisadçıdan kredit götürənlərə xəbərdarlıq
Vüqar Bayramov: «Banklar ümumi ödəniləcək kredit məbləğini süni şəkildə şişirdir»
Son zamanlar xarici valyuta, xüsusən də dollar ilə olan kreditlərin milli valyutaya çevrilməsi ilə bağlı suallar son zamanlar ən çox ünvanlanan müraciətlərdəndir. Bir sıra riteyl bankların dollar ilə kreditləri manat çevirmək ilə bağlı müraciətlərindən sonra potensial develvasiya riskindən ehtiyatlanan vətəndaşlarımız bəzi hallarda şərtləri oxumadan belə buna razılıq verirlər. Nəticədə kommersiya bankları nəinki məzənnə hətta digər riskləri belə kredit müqaviləsinə transfer etməklə yeni müqavilələr hazırlayırlar.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov «Həftə içi»nə bildirir ki, dollar ilə olan kreditləri manata çevirən zaman bir sıra məsələlərə diqqət yetirmək lazımdır. Onun dediyinə görə, ilkin mərhələdə müddətin uzadılmaması diqqətdə saxlanılmalıdır: « Bankların əksəriyyəti belə əməliyyatlarda dollar ilə olan məbləği manata çevirən zaman müddəti uzatmaqla kredit sahibindən əlavə ödənişi təmin edilər. Məsələn, kredit müqaviləsinin bitməsinə 7 ay qalmış anlaşmanı milliləşdirən zaman bank yeni müqavilədə müddəti12 ay göstərməklə ümumi ödəniləcək kredit məbləğini süni şəkildə şişirdir. Uzadılan müddət üzrə faizin hesablanmaması da ciddi problemdir. Əksər hallarda kommersiya bankı vətəndaşa kredit üzrə faizin dəyişdirilmədiyini bildirsə də, uzadılan müddətə faizin hesablanması ümumi kredit həcmini məbləğdən asılı olaraq 15-20 faiz artırır. Bu isə birbaşa uzadılan müddət üçün faizin hesablanması ilə bağlıdır. Bununla da, kredit götürən artıq vəsait ödəmək məcburiyyətində qalır».
İqtisadçı-ekspert vurğulayır ki, faizlərin dəyişdirilməməsi məsələsinə də diqqət yetirmək mütləq vacibdir. Bir sıra banklar dollar ilə kreditlərin manata konvertasiyası zamanı faizlərin dəyişdirilmədiyini bildirsə də ümumi kredit məbləğində yeni faizlər hesabına artımlar baş verir: «Aylıq ödənişin azalmasına şirnikləşməməyi də məsləhət görürəm.Müddəti uzadan və həmin dövrə faiz hesablayan banklar aylıq ödənişi azaltsa da son nəticədə daha çox pulun ödənilməsini təmin edilər. O baxımdan, aylıq ödənişin azalmasına deyil, müqavilə müddəti bitənəcək ödəniləcək məbləğə diqqət yetirmək lazımdır. Uzadılan müddətdə aylıq ödənişin azaldılması əksər hallarda heç də krediti olan üçün uduş kimi qiymətləndirilməməlidir».
Vüqar Bayramov həmçinin tövsiyə edir ki, konvertasiya məzənnəsinə diqqət yetirilsin. Kommersiya banklarının əksəriyyətində manatın xarici valyutalara konvertasiya məzənnəsi valyuta dəyişmə məntəqələrinin kursu ilə tamamilə fərqlidirlər: «Buna görə də sərfəli olmayan məzənnə ilə konvertasiya kredit götürənin elə müqavilə bağlanan anda uduzması deməkdir. Deməli, kommersiya banklarında kredit müqavilələrinizə dəyişiklik edən zaman diqqətli olmaq və prosesdən bankların deyil, vətəndaşlarımızın qazanmasını təmin etmək həm də kredit götürənlərin özündən aslıdır».