Mediatv.az xəbər verir ki, artıq valyutadəyişmə məntəqələrində dolların məzənnəsi 2 manata yaxınlaşmaq üzrədir. Ekspertlər deyirlər ki, indi hamının diqqəti hökumətin atacağı addımlara yönəlib.
Azərbaycanın keçmiş baş naziri olmuş Rəhim Hüseynov modern.az-a açıqlamasında yaranmış situasiyanı belə şərh edərkən deyib: “İndi dünyada neftin qiyməti dayanmadan düşür. Biz çalışmalıyıq ki, neftin qiyməti qalxsın. Neftdən asılı dövlətlərdənik. Neftin qiyməti qalxmasa manatın kursu belə davam edə bilməyəcək. Həmçinin, kənd təsərrüfatımız sürətlə inkişaf etməlidir. Bu sahə üzrə daha çox səy göstərmək lazımdır”.
Sabiq baş nazir vurğulayıb ki, dövlətdə təmsil olunanlar bir araya toplaşıb vəziyyətdən çıxış yolu axtarmalıdırlar: “Ölkədəki iqtisadi vəziyyət yaxşılaşmağa doğru getməlidir. Bunu həyata keçirmək üçün alternativ yollar axtarılmalıdır. Birinci növbədə, iqtisadçıların üzərinə böyük yük düşür.
Onlar təkliflər verməlidir. Həmçinin, dövlətimiz təcili tədbirlər görməlidir. Dövlət xadimləri, nazirlər bir araya toplaşıb çıxış yolu axtarmalıdır. Bu məsələdə dövlət başçısının yanında olmalıdırlar. Həmçinin, bu məsələnin həllində doğru yolla çalışmalıdırlar. Korrupsiya məsələsi ləğv edilməlidir.
Eyni zamanda, ziyalılarımız bir araya gəlib təkliflər irəli sürsələr yaxşı olar”.
Rəhim Hüseynov müxalifətin təklifləri ilə bağlı suala isə belə cavab verib: “Müxalifət barədə nəsə deyə bilmərəm. Çünki onların varlığından da, yoxluğundan da xəbərsizəm”.
Qeyd edək ki, Rəhim Hüseynov 1992-ci il may ayının ortalarından 1993-cü ilin 30 yanvarına qədər Azərbaycanın baş naziri olub.