İqtisadiyyat (9-01-2016, 17:42)
Bakıda dolların alış və satış məzənnəsi
"Report" agentliyinin analitik qrupunun bu gün Bakı şəhərinin 28 May küçəsində yerləşən valyutadəyişmə məntəqələri üzrə saat 12:00 radələrində apardığı monitorinq nəticəsində nağd ABŞ dollarının alış-satış məzənnəsinin kəskin azaldığı qeydə alınıb.
Mediatv.az xəbər verir ki, əksər "exchange"lərdə 1 ABŞ dollarının alışı 1,55-1,56 manat, satışı isə ən yaxşı halda 1,6260 manata aparılır.
Dünən bəzi paytaxt valyutadəyişmə məntəqələrində dolların alış-satış məzənnələri 1,83-1,87 AZN/USD-yə qədər yüksəlmişdi. Lakin Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta mübadiləsi əməliyyatları üçün yenidən marja (+/- 4%) tətbiq etməsi "exchange"lərin məzənnə siyasətini xeyli məhdudlaşdırıb.
Buna baxmayaraq, hazırda valyutadəyişmə məntəqələrinin əksəriyyəti tam bağlıdır, bəzilərində əməliyyat ümumiyyətlə aparılmır, real işləyən "exchange"lər isə nağd dolların satışını adambaşı 200-300 dollarla məhdudlaşdırıb. Bu səbəbdən həmin məntəqələrin qarşısında növbə yaranıb.
Qeyd edək ki, AMB-nin yanvarın 7-11-nə rəsmi məzənnəsi - 1,5642 AZN/USD-dir. Yəni, bu günlərdə "exchange"lərdə dolların alış məzənnəsi minimum 1,5016 AZN/USD, satış məzənnəsi isə maksimum 1,6268 AZN/USD ola bilər.