İqtisadiyyat (10-11-2015, 14:51)
Dolların bahalaşması davam edəcəkmi?
Azərbaycanda dolların və avronun məzənnəsində dəyişiklik olub.
Belə ki, bugünkü məzənnəyə əsasən, 1 dollar 1.0501 manat, avro isə 1,1281 manat təşkil edir.
Mediatv.az xəbər verir ki, bununla da dollar 1.05 manatlıq həddi keçdi. ABŞ iqtisadiyyatı ilə bağlı müsbət statistik məlumatlar həmişəki kimi bu dəfə də dollara əlavə dəstək verdi və dünya valyutası bahalaşmağa başladı. Dolların bahalaşmasını həm də Avropa Mərkəzi Bankının depozit faizlərini azaltmaq və kəmiyyət yumşaldılması proqramını (ayda 60 milyard avro miqdarında pul çapı) artırmaq niyyəti də stimullaşdırdı. Dünyada dollar əsas valyutalara münasibətdə möhkəmlənir. Azərbaycanda da artıq dollar 1,051 manat həddinə kimi bahalaşıb. Artıq insanlarda bununla bağlı gərginlik yaranıb və hamı bunu üzən məzənnəyə keçid kimi qiymətləndirir.
Hökumət üzən məzənnəyə keçmək niyyətini elan edib. Ancaq əvvəlki fikrimizdə qalıram ki, Azərbaycanda yaxın dövrlərdə bu mümkün deyil və hətta məsləhət deyil. Çünki onun fəsadları ağır ola bilər. Dolların bugünkü bahalaşmasını heç də üzn məzənnəyə keçid kimi qiymətləndirmək olmaz. Əvvala, bunu Mərkəzi Bank əvvəlcədən elan etməlidir. İkincisi, üzən məzənnəyə keçidin baş verməsi manatın əhəmiyyətli ucuzlaşmasına gətirib çıxara bilər.
İqtisadçı ekspert Samir Əliyev deyir ki, bugünkü ucuzlaşmanı isə sırf texniki hesab etmək olar: “Çünki manatın məzənnəsi fiksə olunmuş şəkildə Mərkəzi Bank tərəfindən müəyyən olunur. Devalvasiyadan sonra da dolların manata olan məzənnəsi 1,05 psixoloji həddindən yüksək olub. Sadəcə sonralar Mərkəzi Bank psixoloji bahalaşama siyasəti həyata keçirib və indi onun ağır fəsadlarını yaşayırıq”.
O, qeyd edib ki, bugünkü bahalaşmanı yumşaq devalvasiya hesab etmək olmaz: “Nəzərə alaq ki, söhbət hər 100 dollara bir neçə qəpik bahalaşmadan gedir. Ola bilsin Mərkəzi Bank sabah dolları yenidən ucuzlaşdırsın. Yəni bunu yumşaq devalvasiya ilə əlaqələndirmək tezdir.
Devalvasiyaya gəlincə, onun baş verməsi zaman məsələsidir və hökumətin qərarından asılıdır. Bu, "üzən məzənnəyə keçid" adı altında da ola bilər, fevral ayında olduğu kimi "valyuta ehtiyatlarını qorumaq və ixracı stimullaşdırmaq" adı altında. Hər bir halda bütün yollar opa aparır”.