Hadisə (5-02-2022, 14:36)
Qaz xəttində yanğın, yeddi kənd qazsız qaldı - Video
Ötən gün saat 19:00 radələrində Ucar rayonu ərazisində yerləşən Quşçuluq fabrikini təbii qazla təmin edən Ucar Qaz Paylayıcı Stansiyadan qidalanan diametri 215 mm olan orta təzyiqli qaz xəttinin zədələnməsi səbəbindən yanğın hadisəsi baş verib.
Mediatv.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində yaxınlıqdan keçən polietilen boru və metala keçid hissələr zədələnib, daşıyıcı kəmərlərdə qaz sızması yaranıb.
Nəticədə Ucar rayonu üzrə yeddi kənd və şəhər ətrafı massivdə ümumilikdə 3226 abonentin qaz təminatında fasilə yaranıb.
Ağsu Regional qaz istismarı İdarəsinin Ucar və Göyçay xidmət sahələrinin işçi qüvvələri hadisə yerinə cəlb olunub. Birlik əməkdaşları gecə saatlarından başlayaraq qəzanın aradan qaldırılması istiqamətində işlərini davam etdirirlər. Gün ərzində qaz təminatının bərpası planlaşdırılır.
Qeyd edək ki, işin həcmi böyük olduğundan hadisə yerinə çox sayda maşın mexanizmlər və işçi qüvvəsi cəlb edilib. Təmir işləri davam etdirilir.