Bakı şəhər Xəzər rayonu Binə qəsəbəsində yerləşən 117 saylı məktəbin şagirdi fiziki tərbiyə dərsi zamanı sinif yoldaşları ilə divarda şəkil çəkən zaman fənni tədris edən müəllimin zorakılığı ilə rastlaşıb.

"Mediatv.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məktəbdə təhsil alan şagird Leyla Əliyevanın anası məlumat verib.

O bildirib ki, qızı marker ilə şəkil çəkmək istəyəndə fiziki tərbiyə müəllimi onun əlindən markeri alıb:

“Şagirdlərin gözü qarşısında qızımın başını dəfələrlə divara çırpıb və nalayiq ifadələr işlədib. Ərizə ilə şikayətimi bildirəndə bütün şagirdlər gördükləri bu dəhşətli özbaşınalığı müdiriyyətə danışdı. Xatırladım ki, mən də 16 il təhsil müəssisəsində müəllimə kimi çalışmışam.

Üç övlad böyüdürəm. Uşaqlarımın tərbiyəsinə və təhsilinə xüsusi diqqət yetirirəm. Bu özbaşınalığa susmayacağam. Belə vəhşiliyə yol verən kəs müəllim adını daşımamalıdır”.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, paytaxtdakı 117 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəlliminin dərsin təşkilində yol verdiyi nöqsanla bağlı müvafiq araşdırma aparılıb:

“Araşdırma nəticəsində 117 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən fiziki tərbiyə müəllimi intizam məsuliyyətinə cəlb olunub”.