Ailədən Unikal.org-a verilən məlumata görə, həmin evin A. Tağıyevə heç bir aidiyyatı yoxdur: “Həmin ev Sovet dövründə tikilmiş kiçik bir bağ evidir. Ümumi sahəsi də 12 sotdur. Burada heç bir imarətdən söhbət gedə bilməz. Bu ev Anar Tağıyevə yox, onun atasına aiddir".

Bildirilib ki, intihar etmiş gözətçi Ruslan Səmədov uzun illərdir o evdə yaşayaraq qaravolçuluq edib: "Onun ailəsi ilə məişət zəminində problemləri olub və bu səbəbdən də intihar edib".

Ailə hesab edir ki, bunu A. Tağıyevin imarətində ölüm halı kimi təqdim etmək doğru deyil: "Mərhum Ruslan Səmədovun vəfatından istifadə edib məsələni siyasiləşdirmək düzgün yanaşma sayılmır”.

Qeyd edək ki, daha öncə yayılmış xəbərdə intiharın icra başçısının Mərdəkan qəsəbəsində, Köhnə Qoşa Qala restoranın arxasında yerləşən imarətində qeydə alındığı deyilirdi.