Hadisə (27-10-2014, 18:30)
Ailənin 4 uşağını canavar parçaladı – Rayonda dəhşət
Ötən axşam Cəlilabad rayonunda dəhşətli hadisə baş verib. Buravar kəndində canavar evə soxulub, bir ailənin 4 uşağını yaralayıb.
Regioninfo xəbər verir ki, kənd sakinlərinin Mediatv.az-a verdikləri məlumata görə, dünən saat 19 radələrində canavar Yusif Şahmarovun evinə soxulub. Onun 3-cü sinifdə oxuyan qızı Aygün evin qapısında əlində vedrə dayanıb həyətə baxırmış. Bu vaxt həyətdən ona tərəf işığın irəlilədiyini görüb. Yaxına gedəndə isə onun canavar olduğunu anlayıb. Aygün qaçaraq evə girmək istəyib, lakin pilləkəndə canavar onun qolundan yapışaraq həyətə sürüyüb.
Aygünün evdə televizora baxan qardaş-bacıları qışqırığa bayıra çıxıblar. Aygünün 16 yaşlı qardaşı Vüsal onu canavardan alsa da, digər bacılarını qoruya bilməyib. Canavar iki qızı da bədənlərinin müxtəlif nahiyələrindən dişləyib. Vəziyyəti çətin görən Vüsal canavarı boğmaq üçün sağ qolunu onun boğazına soxub. Qolundan ağır yaralar alsa da canavarı öldürməyə nail olub.
Uşaqların dördü də xəstəxanaya çatdırılıblar.