Hadisə (21-01-2021, 13:38)
AMEA Qarabağda dronlarla monitorinq aparacaq
Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı rezidentinin istehsal etdiyi dronlar işğaldan azad olunmuş ərazilərin radiasiya fonunun ölçülməsində istifadə olunacaq.
AMEA-dan “Mediatv.az”a verilən məlumata görə, Yüksək Texnologiyalar Parkının rezidentlərindən olan “AZELTECH” şirkəti tərəfindən dronların istehsalı üçün hazırlıq işləri görülür.
Bu dronlardan işğaldan azad olunmuş ərazilərimizdə meşə və su təsərrüfatının, flora və fauna tərkibinin tədqiqi, eləcə də Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının nüvə tullantılarının ərazilərimizdə basdırılma ehtimalı yüksək olduğundan bu bölgənin radioekoloji monitorinqinin aparılması məqsədilə istifadə olunacaq.
Hazırda dronlar üzərində sınaq işləri həyata keçirilir. Bu məqsədlə baza dronunun üzərinə ərazilərin radioekoloji monitorinqini həyata keçirmək üçün qamma və neytron detektorları inteqrasiya olunur. Real vaxt rejimində mövcud koordinatda işğaldan azad olunmuş ərazilərin radiasiya fonunun ölçülməsi nəzərdə tutulur.