Gündəm / Slayd (12-01-2017, 09:46)
İrəvanın Rusiya və Türkiyəni toqquşdurmaq planı – hədəfdə həm də Bakıdır...
Düşmənin son sərhəd təxribatı arxasında daha bir motiv; Qarabağ konfliktinin həllində Türkiyə-Rusiya amili önə çıxır; rusiyalı ekspert: “Nizamlamanın əsas iştirakçıları Moskva və Ankara olacaq, Ermənistan əraziləri geri qaytarmaq zorunda qalacaq”; işğalçı ölkə iki paytaxtın yaxınlaşmasına görə əndişədə...
Mediatv.az: Ermənistanın ötən ilin 29 dekabrında Azərbaycanla sərhəddə törətdiyi və layiqli cavabını aldığı təxribatda hansı məqsədlər güddüyü aydınlaşır. Bir hədəf sübhəsiz ki, bu insidentlə Rusiyanın dominant olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) “iradəsi”ni yoxlamaq, daha dəqiqi, onu Azərbaycana qarşı kökləmək idi. Lakin hiylə baş tutmadı.
Doğrudur, qurumun sabiq katibi Nikolay Bordyuja ümumi şəkildə hadisəni pislədi və ermənilərə xoş gəlmək üçün hətta “DQR” ifadəsini işlətdi. Ancaq cəmi bir gün sonra KTMT mətbuat xidməti və Rusiya XİN səviyyəsində o, təkzib edildi və daha bir gün sonra isə vəzifəsindən uzaqlaşdırıldı.
Bununla rəsmi Moskva açıq şəkildə anlatdı ki, İrəvanın belə təhlükəli kaprizlərinə ortaq olmağa, Azərbaycanla münasibətləri korlamağa hazırlaşmır. Belə bir reaksiyanı Kremlin marionet ölkəyə qulaqburması da adlandırmaq olardı.
Lakin Ermənistanın hədəfi belə görünür ki, təkcə Azərbaycan olmayıb. Hədəfdə həm də son zamanlar xeyli istiləşmiş Türkiyə-Rusiya əlaqələri olub. Bəllidir ki, İrəvan Ankara-Moskva yaxınlaşmasından ciddi şəkildə təlaş keçirir. Ermənistan xüsusən də Suriyada atəşkəsə dair Moskva və Ankaranın tarixi anlaşmasından rahatsızlıq keçirir və haqlı olaraq, hesab edir ki, analoji əməkdaşlıq formatı, üstəgəl, Azərbaycanın iştirakı ilə, Cənubi Qafqazda, Dağlıq Qarabağ məsələsində reallaşa bilər.
Təsadüfi deyil ki, ermənilərin son sərhəd təxribatı məhz Suriyadakı anlaşmadan az sonraya təsadüf edir. İrəvan bu cür təxribatlarla Rusiya-Azərbaycan, ardınca isə Rusiya-Türkiyə münasibətlərində inamsızlıq və etimadsızlıq toxumları səpməyə ümid edir. Demək, Türkiyə-Rusiya münasibətlərinin dərinləşməsi ilə bənzər insidentlərin artması istisna deyil.
*****
Rusiyalı ekspert Yevgeni Mixaylovun da bu mövzuda xüsusda şərhi maraqlıdır. Xüsusi olaraq rusdilli Vesti.az saytı üçün yazdığı məqalədə politoloq öncə Sərkisyan rejiminin sülh bəyanatlarının fiksiya olmasına diqqət yönəldir: “Mən əlbəttə ki, 2017-ci ildə Dağlıq Qarabağ konfliktini həllində erməni rəhbərliyinin xoş məramına ümid etmək istərdim, ancaq bu zaman sadəlövh də deyiləm. Çünki dəfələrlə prezident Serj Sərkisyanın sülh dialoquna hazır olması barədə hay-küylü bəyanatlarını eşitmişik, reallıqda isə sağlam məntiqə zidd addımlar atılıb.
Erməni silahlı birləşmələrinin təmas xəttində müntəzəm təxribatları ondan xəbər verir ki, Qarabağ məsələsi yəqin ki, real vəziyyət nəzərə alınmaqla razılaşdırılacaq və sülh nizamlanmasının əsas iştirakçısı üçüncü tərəf olacaq. Yəni əsas qarant ölkələr kimi Rusiya və Türkiyə çıxış edəcək: Rusiya Ermənistanın əsas müttəfiqi kimi, Türkiyə isə Azərbaycanın təhlükəsizlik maraqlarının qarantı qismində”.
Rusiyalı analitikə görə, bu, Ermənistanın xoşuna gəlməyəcək, ancaq İrəvanın ayrı yolu da olmayacaq.
“Azərbaycan ərazilərinin işğalı dayandırılmalıdır. Ən azından mən ”bufer zona"ya aid rayonların qaytarılmasını gözləyirəm. Erməni isteblişmentinin hərbi ritorikası artıq sadə Ermənistan xalqını da təngə gətirib - hansı ki, daima blokada şəraitində yaşamaqdan yorulub və nəhəng iqtisadi çətinliklər hiss edir. Fikrimcə, 2017-ci ildə bir çox dünya ölkələrində sərhəd dəyişiklikləri gözlənilir. Yeni ABŞ administrasiyasının kursunda gözlənilən dəyişiklik, keçmiş SSRİ ölkələrindəki geosiyasi qüvvələr bölgüsündə Amerikanının iştirakı ilə bağlı gözlənilən dəyişiklik Qarabağ məsələsində də müsbət nəticələrini verəcək", - deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, Ermənistanın KTMT-nin “qulağından tutmaqla” Azərbaycan torpaqlarında nəhayət ki, yeni erməni dövləti yaratmaq yönündə cəhdləri tam uğursuz görünür: “Sərhəddəki bütün bu təxribatlar Azərbaycan üçün real nəticələrə gətirmək gücündə olmayan gizli sancmalar təsiri bağışlayır. Üstəlik, bunu KTMT üzvləri də başa düşür və ehtiyatlı şəkildə anladırlar ki, Ermənistan özünü balaca uşaq kimi aparır. Yəni məqsədli şəkildə şuluqluq salmaqla istəyir ki, böyük qardaş ona arxa dursun. Tarixən biz bunu artıq Osmanlı imperiyası zamanı, 20-ci əsrin əvvəllərində görmüşük. Türkiyə və Rusiya arasında münasibətlərin normala düşməsi Ermənistanı sevindirə bilməz. Və tam ehtimal var ki, o, regionda situasiyanı laxlatmaqla Rusiya və Türkiyənin maraqlarını toqquşdurmağa çalışacaq. Ancaq mənim fikrimcə, bütün bunlar uğursuz olacaq, yekunda ağıl qalib gələcək və biz işğal altındakı ərazilərin qaytarılmasını görəcəyik”, - deyə politoloq əlavə edib.
*****
Rusiyalı politoloq kimi düşünən ekspertlər az deyil. Gerçəkdən də, Dağlıq Qarabağ məsələsi nəinki Rusiya-Azərbaycan və Rusiya-Türkiyə münasibətlərini açıq şəkildə təhdid edən vəziyyətə gəlib, bütövlükdə regionu partladacaq qorxulu amilə çevrilib. Odur ki, bir an öncə bölgənin bu ən üzücü konfliktin “fitilini” çıxarmaq zərurəti heç vaxt olmadığı qədər zərurətə çevrilib. Bunu isə həqiqətən Rusiya və Türkiyə edə bilər - üstəlik, Suriya timsalında ortaq əməkdaşlıq örnəyi varsa...
Musavat.com
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024