Gündəm (22-10-2016, 17:16)
“İşğal olunmuş torpaqlar Azərbaycanın nəzarətinə qaytarılmalıdır”- Amerikalı həmsədr
“Azərbaycanın işğal olunmuş torpaqları Azərbaycanın nəzarəti altına qaytarılmalıdır”.
Mediatv.az xəbər verir ki, APA-nın məlumatına görə, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
O bildirib ki, digər məsələ status məsələsidir: “Eyni zamanda, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qaytarılması, ərazidə sülhməramlıların yerləşdirilməsi də danışıqların elementlərinə daxildir. Bunlar hamısı müzakirə predmeti olacaq. Gələcək statusun müəyyənləşdirilməsi məsələsi məhz prezident İlham Əliyev tərəfindən irəli sürülüb və biz bunu alqışlayırıq. Görüşlər zamanı prezidentlər bir araya gələrək müxtəlif elementləri öz aralarında müzakirə edə bilərlər və bu kimi görüşlər davam etdirilməlidir. Bütün qeyd olunan elementlər paket şəklində müzakirə olunmalıdır ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə razılaşdırılmış şəkildə həlli tapılsın. Həmsədrlər artıq qeyd edib ki, mövcud status-kvo davamlı deyil”.
Ceyms Uorlik deyib ki, mən və həmkarlarım səbirsizliklə Azərbaycan prezidenti ilə görüşü gözləyirik.
“Biz əhəmiyyətli və vacib işimizi davam etdirməyə hazırıq. Vyana və Sankt-Peterburq görüşlərində Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli üçün yaxşı imkan yaranıb. Bakıda və İrəvanda bu istiqamətdə danışıqları davam etdirəcəyik”, – deyə C. Uorlik söyləyib. O bildirib ki, ABŞ, Rusiya və Fransa münaqişənin həllinin tapılması istiqamətində sıx fəaliyyət göstərir: “Biz bu yaxınlarda Moskvada xarici işlər naziri Sergey Lavrovla görüşdük. Hər üç həmsədrin bölüşdüyü bir məqsəd var: biz münaqişənin sülh yolu ilə həllini tapmaq istəyirik”.
Ceyms Uorlik həmçini deyib ki,Con Kerri tərəflərlə işləyərək münaqişənin sülh yolu ilə həlli işinə öhdəliyini nümayiş etdirib.
C. Uorlik xatırladıb ki, bir müddət əvvəl ABŞ dövlət katibi Con Kerri NATO toplantısı çərçivəsində tərəflərlə görüşüb və müzakirələr aparıb: “Cənab Kerri bir neçə ay əvvəl də Azərbaycan və Ermənistan prezidentləri ilə görüşərək məhsuldar danışıqlar aparıb. Bölgədə yaşayan hər bir xalqın marağındadır ki, Dağlıq Qarabağ münaqişəsinin razılaşdırılmış həlli tapılsın. ABŞ-ın bu məsələyə sadiqliyi şübhə altında olmamalıdır. Münaqişə tərəfləri məsələnin sülh yolu ilə davamlı həllinin tapılması istiqamətində öhdəliklərini nümayiş etdirməlidirlər. Mən şəxsən Azərbaycan prezidenti ilham Əliyevlə danışmışam və o bildirib ki, danışıqlar prosesinə və münaqişəsinin sülh yolu ilə həlli prinsiplərinə sadiqdir. O, gələcəkdə də görüşməyə və masa üzərində olan təkliflərə baxmağa hazırdır. Vyana və Sankt-Peterburq görüşlərində də prezidentlər öz öhdəliklərini nümayiş etdiriblər. Müzakirə predmeti olan maraqlı ideyalar var. Biz bu ideyaları müzakirə etməyə hazırıq və müzakirə edəcəyik. Eyni zamanda, prezidentlərin növbəti görüşünün təşkilini müzakirə edəcəyik. Azərbaycan prezidenti vurğulayıb ki Ermənistan prezidenti Serj Sarkisyanla görüşməyə hazırdır”.
C. Uorlik qeyd edib ki, həm Bakıda, həm də İrəvanda prezidentlərin növbəti görüşünün yeri və vaxtının müəyyənləşdirilməsi barədə müzakirə aparılacaq:“Prezident İlham Əliyevin görüşə razılıq verməsini alqışlayırıq. Bu görüşlər o qədər də asan təşkil edilmir, lakin vacibdir və məhsuldar olur. Bu kimi görüşlərin vacibliyi ondan ibarətdir ki, prezidentlər öz aralarında müzakirələr apararaq bir-birini daha yaxşı anlayır və fikirlərini açıq şəkildə paylaşırlar. Həmsədrlər bu cür dialoqun inkişafına dəstək verir. Sülhün vaxtı gəlib çatıb. Bu gün deyilsə, nə zaman olacaq? Siz və övladlarınız sülh yolu ilə məsələnin həllinə layiqsiniz. İki xalq bir-biri ilə qonşuluqda sülh şəraitində yaşamağa layiqdir. Mən bilirəm ki, bir gün iki xalq yan-yana, sülh şəraitində yaşayacaq. Biz istərdik ki, bunu danışıqlar yolu ilə təmin edək”.