Gündəm (5-08-2016, 09:15)
“Regiona bu yaxınlarda səfər etmək planımız yoxdur” – Uorlik
“Regiona bu yaxınlarda səfər etməklə bağlı xüsusi planımız yoxdur, lakin prezidentlərin növbəti görüşünün təşkil edilməsi üçün tərəflərlə müntəzəm təmasları davam etdiririk”.
Mediatv.az xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik APA-nın həmsədrlərin regiona mümkün səfəri ilə bağlı sorğusuna cavabında deyib.
C. Uorlik ABŞ Nümayəndələr Palatasının üzvü Cim Kostanın avqust ayındakı rəsmi təmaslar barədə son açıqlamasında da münasibət bildirib: “Konqresmen Kostanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yollarının tapılmasında bizimlə birgə işləmək marağını qiymətləndiririk. Vyana və Sankt-Peterburq görüşləri təmas xəttində zorakılığın azaldılması, substantiv danışıqların yenilənməsi və toqquşma riskinin azaldılması üçün təkliflərin irəli sürülməsi baxımından uğurlu olub. Sülh prosesindəki bu müsbət məqamın prezidentlərin növbəti görüşünün təşkilinin davam etdirilməsi vacibdir. Həmsədrlər prezidentlər arasında dialoqun davam etdirilməsinə sadiqdirlər və onların tezliklə bir araya gətirilməsi imkanlarının yollarını öyrənirlər”.
Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ Konqesinin Nümayəndələr Palatasının üzvü Cim Kosta “news.am” saytına müsahibəsində avqust ayında Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın həmsədr ölkələrin xarici işlər nazirləri ilə görüşünün olacağını bildirmişdi.