Gündəm (14-04-2016, 09:50)
“ABŞ İlham Əliyevin yanındadır”
Rəsmi “Azərbaycan” qəzeti bu gün “ABŞ İlham Əliyevin yanındadır” manşet yazısı ilə çap olunub
Mediatv.az xəbər verir ki, yazıda prezidentin ABŞ-a səfərindən sonra baş verən proseslərdən danışılır. “İndi tam əminliklə demək olar ki, dünyanın əsas fövqəldövləti ilə Qafqazın lider ölkəsi arasında anlaşılmazlıqlar mərhələsi arxada qalıb” yazan qəzet qeyd edir ki, indi gündəmdə olan bu ölkə ilə iqtisadi, ticarət əlaqələrinin daha da gücləndirilməsidir.
“Açıq etiraf etmək lazımdır ki, yeni iqtisadi münasibətlər dövrü kimi səciyyələndirilən hazırkı durum Azərbaycanı mühüm sınaqlara çəkir, çətinliklərlə üzləşdirir. Neft və qazın qiymətlərinin sürətlə enməsi nəticəsində dünya iqtisadiyyatında başlayan təlatümlərdən qorunmaq Azərbaycan hakimiyyətinin əsas vəzifəsidir”.
Azərbaycandakı Amerika Ticarət Palatasının üzvləri ilə prezidentin görüşünü xatırladan qəzet səfir Robert Sekutanın iqtisadi mövzuya siyasi ahəng qataraq, müzakirənin gedişində konkret mövqe sərgilədiyini vurğulayır: “Prezident İlham Əliyevə xitabən deyilən “Daim Sizin yanınızda olmuşuq və indi də Sizə yardım etmək istəyirik” sözləri, şübhəsiz ki, ABŞ vitse-prezidentinin və dövlət katibinin iki həftə öncə bəyan etdikləri birmənalı dəstəyin məntiqi davamı idi.
Görünən odur ki, müdafiə mövqelərini adətən açıq nümayiş etdirməyən, bildirəndə isə daim xüsusi xəsislik göstərən Ağ ev təmsilçilərinin artıq hər fürsətdə Azərbaycana və onun liderinə dəstəklərini, etimadlarını əlahiddə vurğulamaları ənənəyə çevrilir. Münasibətlərdə formalaşan bu yeni ənənə, şübhəsiz ki, xoşdur və təqdirolunasıdır”.