Siyasət (23-12-2014, 16:06)
Azərbaycan iqtidarından İsrailə soyuq savaş elanı
Hakimiyyət Qərblə cəbhə xəttini genişləndirir; prezidentin sözçüsü ABŞ-ın Yaxın Şərqdəki əsas müttəfiqi olan yəhudi dövlətini hədəf aldı
“İsrail mediası Azərbaycanda insan haqlarının durumunu sərt tənqid edir. İsraildə hökumət-media münasibətlərini nəzərə alaraq bildirmək olar ki, bu, heç də təsadüfi deyil. Xüsusilə rəsmi strukturların bu cür yazılarla bağlı bir dəfə də reaksiya verməməsi yazıların rəsmi sifariş xarakterli olduğunu deməyə əsas yaradır”.
Bu sözləri "AzərTAc"a açıqlamasında prezidentin mətbuat katibi Azər Qasımov deyib.
İsrailin “Haaretz” və “Jerusalem Post” qəzetlərində Azərbaycanla bağlı dərc edilən məqalələrdən danışan Azər Qasımov yazıları olduqca qərəzli, jurnalist etikasından tamamilə uzaq, böhtan xarakterli cəfəngiyyat adlandırıb: “Heç şübhəsiz, bu cür yazılar son zamanlar anti-Azərbaycan kampaniyası aparan qüvvələr tərəfindən maliyyələşdirilir. Xədicə İsmayılovanın hüquqlarını guya müdafiə etmək məqsədi daşıyan bu məqalələr, əslində Azərbaycanda gedən ümumi inkişaf proseslərinə qara yaxır. Yaxşı olardı ki, bu məqalələrin müəllifləri öz ölkələrində insan haqları, söz və vicdan azadlığı, ümumilikdə demokratik prinsiplərin pozulması və digər mənfi hallara diqqət yetirsinlər”.
Bu fikirlərin ardından Azər Qasımov son aylarda İsraildə mediaya qarşı basqılarla bağlı konkret faktları sadalayıb.
***
Azərbaycan iqtidarının İsraillə həmişə yaxşı münasibətləri olub. Rəsmi Bakı yəhudi dövləti ilə təkcə yaxşı münasibətlər saxlamayıb, həm də münasibətlərdə maksimum ehtiyatlı mövqe tutub. Zaman-zaman İsrail kəşfiyyatı MOSSAD-la Azərbaycan xüsusi-xidmət orqanlarının birgə əməkdaşlığı haqda xəbərlər dolaşıb. Hətta bəzi dövrlərdə iki ölkə xüsusi-xidmətinin ortaq əməliyyatının keçirildiyinə dair də mediada informasiyalar yayılıb. İsrail Azərbaycan iqtidarının toxunmadığı azsaylı ölkələrdəndir. Hazırkı anti-Qərb ritorikası heç zaman İsrailə aid edilməyib. Son illər YAP hakimiyyətinin ABŞ-a qarşı apardığı əks-təbliğat kampaniyasında Amerikanın Yaxın Şərqdəki forpostu, ən yaxın müttəfiqi İsrail toxunulmaz elan edilib. İsrail Azərbaycan neftinin ən iri alıcılarından biridir. O, neftə olan tələbatının 30 faizini Bakı nefti hesabına ödəyir. İsrail həmçinin Azərbaycandan böyük həcmdə neft məhsulları idxal edir. İsrail Azərbaycan qazını almağa da maraq göstərir. Qeyri-neft sektoru üzrə də bu iki ölkə arasında ciddi ticarət əlaqələri mövcuddur.
Amma heç kimin gözləmədiyi halda rəsmi Bakı İsrailə özünün boz sifətini göstərdi. Nə baş verir? Niyə Azərbaycan prezidentinin mətbuat xidmətinin rəhbərinin dilindən İsrailə qarşı sərt sözlər ünvanlandı? Prezident Administrasiyasından Təl-Əvivə qarşı soyuq müharibənin elan edilməsində hansı ciddi amillər rol oynaya bilər?
Bu suallara cavab tapmaq, pisləşən Azərbaycan-İsrail münasibətlərinin nə ilə yekunlaşacağını öyrənmək üçün politoloq Zəfər Quliyevlə söhbət etdik.
“İsrail heç zaman insan haqları məsələsində nümunəvi ölkə olmayıb. İsrail əslində militarist bir qurumdur. Heç şübhə etmirəm ki, İsraildə insan haqları pozuntuları ilə bağlı ciddi faktlar var. Ancaq Azərbaycan rəsmilərinin bu cür sərt ritorikası olduqca riskli davranış modelidir. Bu tənqidləri hansısa dövlətin rəsmi şəxsləri deyil, beynəlxalq insan haqlarını müdafiə qurumları səsləndirməlidir. Azərbaycan kimi gənc və kiçik ölkə üçün İsraildə, ABŞ-da nöqsanlar axtarmaq yaxşı heç nə vəd etmir”. Bu sözləri isə prezidentin mətbuat katibinin açıqlamasını “Yeni Müsavat”a şərh edən politoloq Zəfər Quliyev deyir.
Politoloq düşünür ki, Azərbaycanın Qərbə qarşı aqressiv davranışlarında Moskva-Bakı və Moskva-Ankara yaxınlaşmasının da rolu var: “Sanki Azərbaycan iqtidarı öz ritorikasında da, davranışlarında da Rusiyanı təkrarlamağa çalışır. Moskva ABŞ-a, Qərbə qarşı nə deyirsə, həmin arqumentlər, ittihamlar qısa zaman sonra Azərbaycan məmurlarının dilindən də səslənir. Təəssüf və narahatlıq doğuran məqam həm də odur ki, son zamanlar Türkiyə ilə Rusiyanın yaxınlaşması bu ölkələrin proseslərə baxışında və davranışında oxşarlıqları artırıb. Azərbaycan Qərbə yönəlik siyasətində nə Rusiyanı, nə də Türkiyəni təkrarlamamalıdır. Ona görə ki, Azərbaycanın çəkisi fərqlidir. Türkiyə oturuşmuş bir ölkədir, böyük siyasi, hərbi, iqtisadi potensialı var. Türkiyə müəyyən məqamlarda bu cür itkilərə gedirsə öz potensialı hesabına onların yerini tezliklə doldura bilir.
Üstəlik, NATO üzvü olan Türkiyənin Qərblə münasibətlərində riskləri o qədər də böyük deyil. Türkiyə Qərblə körpüləri heç zaman yandırmaz. Rusiya isə nüvə ölkəsidir, iqtisadi problemlər yaşamasına baxmayaraq qüdrətini qoruyur. Yaxın keçmişdə Rusiyanın dəqiq manevrlər hesabına Qərblə münasibətləri normallaşdıra bilməsilə bağlı bir neçə örnək var. Azərbaycan üçün isə Qərbə savaş açmaq bir neçə önəmli məqama görə böyük təhlükə daşıyır. Azərbaycan ərazisi işğal edilib, hələlik geosiyasi seçimini açıqlamayıb, bir çox məsələlərdə xarici faktorlardan asılı durumdadır. Bu səbəbdən Azərbaycanın Qərbə qarşı bu cür aqressiyası qətiyyən başa düşülən deyil”.
Qərb liderləri Azərbaycanı dəfələrlə Avropanın enerji təhlükəsizliyi üçün önəmli ölkə olduğunu bildiriblər. Politoloq bildirir ki, Azərbaycan özünü enerji potensialına həddən artıq güvənir və bu səbəbdən baş verənləri düzgün dəyərləndirə bilmir: “Azərbaycan enerji məsələsində önəmini həddən artıq şişirdir. Görünür, iqtidara elə gəlir ki, Rusiya ilə Avropa arasında təbii qazın ixracı ilə bağlı gərginlik yaranması Azərbaycanın önəmini artırıb. Azərbaycanın bu cür arxayınlığına Qərb liderlərinin mövqeyi də təsirsiz deyil. Sentyabrda təbii qazı Avropaya daşıyacaq cənub dəhlizi məsələsi müzakirə edilərkən Avropa Komissiyasının sədri Joze Manuel Barrozo demişdi ki, Azərbaycan heç zaman Qərbə bu qədər yaxın, doğma və önəmli bir ölkə olmayıb. Görünür, bu cür açıqlamalar rəsmi Bakının eyforiyaya düşməsinə səbəb olub və düşünürlər ki, hansı mövqe tutmalarından asılı olmayaraq dünya üçün, Avropa üçün vacib ölkə olaraq qalacaqlar. Ancaq bu, son dərəcə yanlış mövqedir. Azərbaycan-Qərb münasibətlərinin gərginləşməsinin kökündə dayanan məsələ insan haqları problemlərindəki durum yox, rəsmi Bakının Kremlə yaxınlaşması, Kremlin siyasi xəttini təkrarlamasıdır. Bunun üçün də yetərində əsaslar var”.
Zəfər Quliyevin fikrincə, Azərbaycanın bu cür yanaşmaları sanksiyaların tətbiqi prosesinə təkan verə bilər: “Bu gün Qərblə Rusiya arasında faktiki soyuq savaş bərpa olunub. Belə bir şəraitdə Azərbaycan öz neytrallığını qorumalı, tərəf olmamalıdır. Burada emosional amilin təsirini də unutmaq olmaz. İndiyə qədər bir neçə dəfə Azərbaycan rəsmi şəxslərinin Qərbin addımlarına emosional münasibətinin şahidi olmuşuq. Rəsmilər bəzən özlərini əsəbiləşmiş, incimiş tərəf kimi aparırlar. İndi də ola bilər, Azərbaycan hakimiyyəti Qərbə göstərmək istəyir ki, bu cür aqressiv davranışın səbəbi Qərbin addımlarıdır. Ancaq bir daha deyirəm ki, bu sözlərin rəsmilərin dilindən səslənməsi doğru qərar deyil. İndiyə qədər bu fikirləri YAP liderləri, iqtidara yaxın mediada politoloqlar, deputatlar səsləndirirdi. Qərb bu yanaşmaya xeyli dözümlü yanaşır. Ancaq son zamanlar Qərbin tənqidlərinə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev xüsusi məqalə ilə cavab verir, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, prezidentin mətbuat katibi Azər Qasımov münasibət bildirir. Bu şəxslər dövləti təmsil etdiyi üçün səslənən fikirlər dövlətin mövqeyi kimi qəbul olunur. İndi artıq Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə də Qərbi tənqid edir. Həm dövlət rəsmilərinin, həm dini rəhbərin Qərbi sərt ifadələrlə tənqid etməsi Azərbaycana problemlər yarada bilər. Doğrudur, ABŞ-ın Azərbaycanla münasibətləri pozmaqda, ya da ölkəmizə qarşı sanksiyalar tətbiq etməkdə maraqlı olduğunu düşünmürəm. Ancaq bu cür davranış davam edəcəksə, Rusiya ilə yaxınlaşma artıq daha dərin xarakter alacaqsa, sanksiyalar gündəmə gələ bilər”.
Politoloq Qabil Hüseynli isə hesab edir ki, indiki vaxtda ABŞ-ın Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edəcəyi inandırıcı deyil. Çünki ABŞ regionda bu qədər gərginliyin, problemlərinin olduğu vaxtda işi-işə qatmaz: “Ən azından bu saat ABŞ-ın başı Rusiya ilə bağlı, İŞİD-lə bağlı problemlərə qarışıb. Belə bir şəraitdə regionun mühüm dövlətlərindən biri olan Azərbaycanla münasibətləri kökündən korlayacaq addım atmaq, müxtəlif sanksiya qanunlarını Azərbaycan siyasi elitasına tətbiq yerinə düşməzdi. Heç bunun əsası da olmazdı”.
Politoloqun fikrincə, Amerika Azərbaycanla münasibətləri düzəldəcək. Bu münasibətlərin düzəlməsi üçün lazım olan nə varsa hamısı ediləcək. (musavat.com)