Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 9-da Monteneqro Respublikasının prezidenti Filip Vuyanoviç ilə görüşüb.
Mediatv.az xəbər verir ki, Monteneqronun prezidenti Filip Vuyanoviç ölkələrimiz arasında möhkəm və yüksək səviyyəli dostluq münasibətlərinin inkişafından məmnunluğunu ifadə etdi, ikitərəfli əlaqələrin inkişafına verdiyi dəstəyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Özünün Azərbaycana, eləcə də prezident İlham Əliyevin Monteneqroya səfərlərini və keçirdikləri görüşləri xatırlayan Filip Vuyanoviç bu səfərlər zamanı ikitərəfli əlaqələrimizin gələcək inkişafı üçün bazanın yaradıldığını dedi. İqtisadi əməkdaşlığın genişləndirilməsi üçün də yaxşı imkanların mövcud olduğunu vurğulayan Filip Vuyanoviç ölkələrimiz arasında imzalanmış çoxsaylı müqavilələrin önəmini qeyd etdi. Filip Vuyanoviç Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ölkəsinə sərmayə qoyuluşunu yüksək qiymətləndirdi, Monteneqronun SOCAR ilə əməkdaşlığın genişləndilməsində maraqlı olduğunu dedi. Ölkəsinin “Cənub Qaz Dəhlizi” layihəsində iştirakına böyük əhəmiyyət verdiyini vurğulayan Monteneqro Respublikasının prezidenti bu layihənin qitələr və regionlar arasında əməkdaşlığın inkişafı baxımından önəmini qeyd etdi, bu layihənin sözün əsl mənasında “Əsrin layihəsi” olduğunu vurğuladı.
Azərbaycan ilə Monteneqro arasında ikitərəfli əlaqələrin səviyyəsinin razılıq doğurduğunu deyən dövlətimizin başçısı ölkələrimiz arasında dostluq əlaqələrinin yaradılmasını məmnunluqla qeyd etdi, bu münasibətlərin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı həmin səfərlər çərçivəsində qəbul edilən qərarların uğurla icra olunduğunu dedi.
Prezident İlham Əliyev əməkdaşlığımızın müxtəlif sahələrdə, o cümlədən sərmayə qoyuluşu istiqamətində genişləndirilməsi üçün işlərin də aparıldığını qeyd etdi. “Cənub Qaz Dəhlizi” layihəsinin artıq reallığa çevrildiyini bildirən dövlətimizin başçısı layihənin Məşvərət Şurasının bu yaxınlarda Bakıda keçirilən ikinci toplantısında Monteneqro nümayəndə heyətinin fəal iştirakını yüksək qiymətləndirdi və toplantı çərçivəsində 11 ölkənin nümayəndəsi, eləcə də Avropa Komissiyası tərəfindən imzalanan Birgə Bəyannamənin önəmini qeyd etdi.
Görüşdə IV Qlobal Bakı Forumunun beynəlxalq müzakirə məkanına çevrildiyi, tədbirə marağın getdikcə daha da artdığı vurğulandı, dünyada və regionda baş verən proseslərin müzakirəsi üçün Forumun yaxşı imkan yaradacağına əminlik ifadə olundu.
* * *12:52
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 9-da Xorvatiya Respublikasının keçmiş prezidenti Stepan Mesiçi qəbul edib.
Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Bakı Forumunun önəmi vurğulanıb.
Forumun gündəliyinin geniş sahələri, o cümlədən energetika, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, qaçqınlar, dinlərarası əməkdaşlıq və digər sahələri əhatə etməsinin aktual məsələlərin geniş müzakirəsi baxımından yaxşı imkan yaratdığı və tədbirin artıq mühüm beynəlxalq Foruma çevrildiyi qeyd edilib.
***
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 9-da İsrail Dövlətinin keçmiş baş naziri Ehud Barakı qəbul edib.
AzərTAc-a istinadən bildirir ki, görüşdə IV Qlobal Bakı Forumunun artıq böyük bir beynəlxalq tədbirə çevrildiyi vurğulandı. Forumun gündəliyində bir çox vacib məsələlərin yer aldığı qeyd olundu. Bakı Forumunun dünyada gedən prosesləri müzakirə etmək üçün yaxşı imkan yaratdığı bildirildi.
**
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 9-da Serbiya Respublikasının keçmiş prezidenti Boris Tadiçi qəbul edib.
Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən qısa vaxt ərzində böyük işlər görüldüyü və bu qurumun mühüm beynəlxalq təşkilata çevrildiyi məmnunluqla qeyd edildi, Mərkəzin təşkil etdiyi Qlobal Bakı Forumunda müzakirə olunan məsələlərin beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulandı, ölkəmizin təbliğində Forumun əhəmiyyətindən danışıldı.
* * *11:59
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 9-da Ukraynanın keçmiş prezidenti Viktor Yuşenkonu qəbul edib.
“AzərTAc”a istinadən xəbərə görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Bakı Forumunun əhəmiyyətindən danışıldı, tədbirin beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi vurğulandı.
Forumda siyasi, iqtisadi, təhlükəsizlik, multikulturalizm və digər məsələlərin kompleks şəkildə müzakirə olunmasının önəmi qeyd edildi.