Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (5-08-2015, 17:07)
Yalnız Azərbaycanda: Kür qırağında yaşayan 6 min adam susuzluqdan yanır

Neftçalanın 6 minə yaxın əhalinin yaşadığı Həsənabad qəsəbəsi artıq xeyli müddətdir ki, əsl fəlakətlə üzləşib. 950 ev təsərrüfatına malik qəsəbə susuzluqdan yanır.

Bu barədə virtualaz.org saytına qəsəbə sakinləri məlumat veriblər.

Saytımızın Şirvan bürosunun müxbiri sakinlərin şikayəti əsasında bu gün həmin qəsəbədə olub, sakinlərlə görüşüb, problemi yerindəcə araşdırıb. Onun reportajını təqdim edirik.

***

Sovetlər dönəmində yerli əhalinin əsas dolanışıq mənbəyi şəxsi təsərrüfatlardan gələn gəlir və yaxınlıqda yerləşən Neftçala Yod Zavodundakı iş yerləri olub. Amma artıq yerli sakinlər bu dolanışıq mənbələrindən də məhrumdur. Neftçala Yod Zavodu son aylar iqtisadi çətinliklər ucbatından işçilərini məcburi məzuniyyətə yollayıb.

Fərdi təsərrüfatlar isə su qıtlığı ucbatından məhv olub. Kür çayından 7 km məsafədə yerləşən qəsəbəyə sovet vaxtı suyu diametri yarım metrə çatan borularla fasiləsiz olaraq verirdilər. Həsənabadlılar da bunun sayəsində şəxsi təsərrüfatlarını şəkildə idarə edib, normal dolanıblar.

Amma 4 il əvvəl qəsəbə böyük problem qarşısında qoyulub. Belə ki, kəndi su ilə təchiz edən 5 km-lik dəmir boru xətti yüksək çinli məmurların xeyir-duası ilə kəsilərək harasa aparılıb. Kimlərinsə tamahının güdazına gedən boruları yaxınlıqdan keçən və eni 2 metr, dərinliyi 1 metr olan kanalla əvəzlənib. Suyu kəndə bu kanal vasitəsilə verməyə başlayıblar.

Kanaldan axan su kəndin yaxınlığında yerləşən, adı anbar olan, əslində isə sadəcə çirkab sularını axıtmaq üçün nəzərdə tutulmuş açıq kollektora bitişik daha bir üstü açıq hövzəyə toplanıb, buradan da nasoslarla kəndə vurulub. Kənd su ilə bu günədək də bu yolla təchiz edilir.

Amma necə?! Həsənabad sakinlərinə suyu ayda cəmi iki dəfə, özü də hər dəfə cəmi 8 saat olmaqla verirlər. Nəticə isə dəhşətlidir. Sakinlər uzun illərdir nəinki mal-qara saxlamaqda və əkin sahələrini becərməkdə çətinlik çəkirlər, hətta özləri də içməli su qıtlığı yaşayırlar.

Həsənabad sakini Aləddin Quluzadə qəsəbənin problemlərini virtualaz.org saytına danışıb: “Su problemi ilə bağlı müvafiq qurumlara dəfələrlə, özü də bütün qəsəbə sakinləri adından müraciət etmişik. Amma heç bir nəticəsi olmayıb. Həsənabadlılar üfunət qoxusu verən suya da həsrətdir, ayda cəmi iki dəfə 8 saat su ala bilirik. Amma təsərrüfat başına 5 manat su pulunu vaxtlı-vaxtında ödəyirik. Dərdimizi deməyə bir ünvan da tapmırıq. Daha doğrusu, əlaqədar təşkilatların hamısına şikayət etməyimizə baxmayaraq nəticə yoxdur”.

Qəsəbənin digər sakini, 65 yaşlı Adil Dadaşov isə su qıtlığı ucbatından acınacaqlı vəziyyətə düşmüş təsərrüfatını, gün-güzəranını görmək üçün bizi həyətinə dəvət edir.

Adil Dadaşov deyir maddi vəziyyətinin bu ağır vaxtında ayda iki dəfə bir maşını 12 manata su gətizdirməyə məcburdur: “Yoxsa evin içində susuzluqdan qırılarıq. Mal-qaraya vermək üçün isə həyətdə dərinliyi 3 metrə çatan quyu qazmışam, ondan istifadə edirik. Amma quyunun suyu təlx olduğundan heyvanlar içməkdən imtina edir. Susuzluqdan həyətdəki ağaclar, əkinimiz də məhv olub, nəinki satmağa, heç ailəm üçün də məhsul götürə bilmirəm”.

Qəsəbə sakini, 80 yaşlı Böyükbəy Əliyev də su qıtlığı ucbatından yaşayışlarının dözülməz dərəcədə ağırlaşmasından şikayətləndi: “Vaxtilə həyətimdə becərdiyim üzümü Bakı bazarlarına satmağa aparsam da indi təsərrüfat susuzluqdan ərəb səhrasına bənzəyir. Dərdimizə çarə qılan isə tapılmır ki, tapılmır... Problemlə bağlı Həsənabad bələdiyyəsinə və yerli icra nümayəndəliyinə də müraciət etmişik. Hər iki qurumun cavabı isə belə olub ki, biz özümüz də bu qəsəbədə yaşayırıq, həqiqətən su problemi var və bu problem barədə rayon rəhbərliyi də məlumatlıdır. Bizdə istəyərdik ki, su problemi tezliklə həll olunsun. Bunu deyirlər, amma iş görən yoxdur”.

Qəsəbənin su təchizatı Neftçala Sukanal İdarəsi tərəfindən həyata keçirilir. İdarənin rəis müavini Nizami Manafovun problemə münasibətini öyrəndik.

N.Manafov virtualaz.org saytına bildirdi ki, 4 yaşayış məntəqəsi və Neftçala Yod Zavodu su ilə eyni kanal və nasosxana vasitəsilə təchiz edildiyindən doğrudan da Həsənabad qəsəbəsində hər abonentə ayda cəmi iki dəfə su gəlib çıxır: “Çətinlikdən müvəqqəti çıxış yolu isə odur ki, sakinlər həyətlərindəki su tutarlarının həcmini bir neçə dəfə artırıb 50 tonluq hovuzlar tiksinlər. Problemin birdəfəlik və köklü həlli isə Neftçalanın içməli su təchizatı ilə bağlı həyata keçirilən, icrası müvəqqəti olaraq maliyyə çatışmazlığı ucbatından dayandırılmış müvafiq dövlət proqramının icrasından sonra mümkün olacaq...”

Qeyd edək ki, virtualaz.org saytı hələ may ayında Kürqırağı yaşayış məntəqələrinin su problemi ilə üzləşməsinə toxunmuşdu.

Bildirmişdik ki, təməli 2012-ci ildə qoyulan və Kürqırağı rayonların içməli su probleminin həll olunması məqsədilə inşa edilən Şirvan-Muğan qrup su kəmərinin tikintisi dalana dirənib. Smeta dəyəri bu günədək açıqlanmayan layihəyə görə, Kür və Bakı su kəmərləri ilə nəql edilən suyun bir hissəsi Şirvan-Muğan qrup su kəməri vasitəsilə ötürülməli və Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin həmin rayonların 121 kəndinin tələbatını ödəməli idi.

Kəmərin 2013-cü ilin sonuna kimi istismara verilməsi nəzərdə tutulurdu. Bununla da 470 min nəfər əhali fasiləsiz keyfiyyətli içməli su ilə təmin olunacaqdı.

2013-cü il, aprelin 15-də Hacıqabul, iyulun 1-də Şirvan, sentyabrın 4-də isə Biləsuvar şəhərlərinə bu kəmər vasitəsilə su verilməyə başladı. Amma Salyan və Neftçala rayonlarının su təchizatı üçün heç bir iş görülməyib.

Bu rayonlardakı mövcud şəbəkələr isə ötən əsrin 50-ci illərində yaradılıb. Onlar istismar müddətini çoxdan başa vurduğundan Kür sahilində yaşayan əhali təmiz su sarıdan olmazın əziyyət çəkməkdə davam edir.

Salyan və Neftçalanın bütün kəndlərində modul tipli sutəmizləyici qurğular (onların hər biri 170-180 min manata başa gəlib) quraşdırılsa da onlar standartlara uyğun işlədilmədiyindən kənd əhalisi də əvvəlki kimi yenə də suyu arxlardan götürür. Halbuki Şirvan-Muğan su kəməri layihəsi   çərçivəsində 107 kilometr uzunluğunda magistral xəttin inşası nəzərdə tutulmuşdu. Yeni kəmər istismara veriləndən sonra Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərləri, Salyan rayonunun 41, Neftçalanın 44, Biləsuvarın 23 və Sabirabadın 13 kəndi ekoloji cəhətdən saf su ilə təchiz edilməli idi.

Ümumilikdə Şirvan-Muğan su kəmərinin istismara verilməsi ilə 470 min insan, o cümlədən 5 şəhərin 240 min, 121 kəndin 230 min əhalisi keyfiyyətli su ilə təmin olunacaqdı.

Layihəyə uyğun olaraq Şirvan-Muğan su kəmərinin inşası 2013-cü ilin sonunadək yekunlaşmalı idi. Layihəyə əsasən Hacıqabuldan kəmər vasitəsilə vurulan içməli su dəniz səviyyəsindən 30 metr hündürlükdə yerləşən Salyanın Babazanan dağında inşa ediləcək anbara doldurulmalı və buradan öz axımı ilə Salyan, Biləsuvar və Neftçala rayonlarına verilməli olsa da bu anbar yalnız kağız üzərində mövcuddur. Əslində anbarın əsası qoyulsa da inşasına başlanmayıb.

Beləcə, layihənin icrası əslində başa çatdırılmadan “başa çatdırılb”. Bu üzdən də Kürqırağı rayonların əhalisi ölkə üzrə ən çirkli, həyat və sağlamlıq üçün təhlükəli su içməkdə davam edir. Həsənabadlılar isə hətta buna da möhtacdır...

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024