Dünya (1-11-2015, 10:18)
Türkiyədə də seçkilərə start verildi
Bu gün Türkiyə Böyük Millət Məclisinə (TBMM) növbədənkənar seçkilər keçirilir.
Mediatv.az-ın məlumatına görə, APA-nın Türkiyə müxbiri xəbər verir ki, səsverməyə Türkiyə vaxtı ilə saat 08.00-da (Bakı vaxtı ilə saat 09.00) start verilib.
Ali Seçki Şurasının elan etdiyi rəqəmlərə görə, bu seçkidə ölkə daxilində 54, ölkə xaricində isə 3 milyon nəfər seçici səs verəcək. Bu il iyunun 7-də keçirilmiş parlament seçkisi ilə müqayisədə ölkə daxilindəki seçicilərin sayı 310, xaricdəki seçici sayı isə 28 min nəfər artıb. Oktyabrın 10-da Türkiyənin xaricdəki diplomatik missiyalarında başlayan səsvermə ayın 25-də başa çatıb. Ali Seçki Şurası ölkənin Şərq və Cənubi-Şərq bölgələrindəki bəzi vilayətlərdə səsvermənin saat 16:00-da başa çatmasını qərarlaşdırıb. Seçkinin ilk nəticələri Türkiyə vaxtı ilə saat 20.00-da (Bakı vaxtı ilə 21.00) elan ediləcək.
Qeyd edək ki, Türkiyədə sonuncu parlament seçkisi 7 iyunda keçirilib. 13 ildən bəri təkbaşına iqtidarda olan Ədalət və İnkişaf Partiyası (AKP) 7 iyundakı seçkidə 258 mandat qazansa da, təkbaşına iqtidarını davam etdirməsi mümkün olmayıb. Çünki hər hansı hökumətin parlamentdən etimad ala bilməsi üçün 276 millət vəkili yeri qazanması tələb olunur. 7 iyundakı seçkinin nəticəsinə görə, Türkiyədə ya koalisiya hökuməti, ya da parlamentdəki digər 3 partiyadan birinin dəstəyi ilə AKP-nin azlıq hökuməti qurula bilərdi.
Türk parlamentar idarəçilik rejiminin ənənəsinə uyğun olaraq, ölkə prezidenti seçkidən təxminən 1 həftə sonra parlamentin birinci partiyasının sədrinə yeni hökuməti qurma səlahiyyəti verir. Ancaq 7 iyundakı seçkidən sonra parlamentar rejimin bu ənənəsinə riayət edilməyərək prezident tərəfindən yeni hökumətin qurulması səlahiyyəti seçkidən 32 gün sonra AKP lideri Əhməd Davudoğluna verilib. Parlamentin ikinci partiyası olan Cümhuriyyət Xalq Partiyası ilə koalisiya müzakirələrinə başlayan AKP-nin bu cəhdi 32 gündən sonra uğursuzluqla nəticələnib.
Konstitusiyaya görə, parlamentdəki partiyaların seçkidən sonrakı 45 gün müddətində yeni hökumət qura bilməməsi halında prezidentin yeni seçki tarixi elan etmə səlahiyyəti var. Koalisiya hökuməti qurmaq üçün parlamentdə 80 millət vəkili olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) qapısını da döyən AKP lideri Davudoğlunun o cəhdi də nəticəsiz qaldığından prezident Ərdoğan yeni hökumət qurma səlahiyyətini CHP lideri Kamal Kılıçdaroğluna verməyib və növbədənkənar seçki qərarı qəbul edib.
Konstitusiyaya əsasən, yeni seçki qərarı qəbul ediləndən sonra parlamentdə təmsil edilən 4 partiyanın daxil olacağı seçki hökuməti qurulması lazım gəlib ki, bu da Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə ortaya çıxmış bir durum olub. 2 aylıq erkən seçki hökumətini qurma səlahiyyəti yenidən AKP lideri Əhməd Davudoğluna verilib. CHP-dən nazir vəzifəsi təklif edilmiş 5 millət vəkilinin hamısı nazir kreslosuna oturmağı rədd edib. MHP-dən Maral Akşənər və Kənan Tanrıqulu nazir vəzifəsini rədd etsələr də, partiyanın qurucu lideri Alparslan Türkeşin oğlu,partiya sədrinin müavini Tuğrul Türkeş nazir vəzifəsini qəbul edib.
28 avqustda prezident Ərdoğanın təsdiq etdiyi 63-cü hökumətdə baş nazirin müavini vəzifəsinə gətirilən Tuğrul Türkeş MHP-dən ixrac edilib, daha sonra AKP onu Ankaradan millət vəkilliyinə namizəd göstərib. Xalqların Demokratiya Partiyasının (HDP) İstanbul millət vəkili Ləvənt Tüzəl nazir olma təklifini rədd etsə də, Müslüm Doğan və Əli Heydər Qönçə təklifi qəbul edərək 63-cü hökumətdə nazir kreslosuna oturublar. Ancaq təxminən 1 aydan sonra hər iki nazir vəzifələrindən istefa verib.
Konstitusiyaya zidd olsa da, 63-cü hökumət ümumilikdə AKP-nin təklif etdiyi və təxminən yarısı millət vəkili olmayan (buraya xarici işlər naziri Firudin Sinirlioğlu, daxili işlər naziri Səlami Altınok, enerji və təbii ehtiyatlar naziri Əli Rza Alaboyun mədəniyyət naziri Yalçın Topçu, gömrük və ticarət naziri Cənab Aşçı (həftənin ikinci günü şöbə müdiri, üçüncü günü idarə rəisi, dördüncü günü nazirliyin icra aparatının rəhbəri, beşinci günü isə nazir təyin edilməsi dünya siyasət tarixinin qəribə rekordlarından biri sayıla bilər), ədliyyə naziri Kənan İpək, əmək və sosial təminat naziri Əhməd Ərdəm, ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Kutbəddin Arzu, milli müdafiə naziri Vəcdi Gönül və nəqliyyat, dənizçilik və kommunikasiya naziri Firudin Bilgin daxildir. Ailə və sosial siyasətlər naziri Ayşən Gürcan isə ilk başıörtülü nazir kimi Türkiyə siyasət tarixinə adını qeyd etdirib) nazirlərdən ibarət kabinet ölkəni 1 noyabrdakı seçkiyə qədər idarə edib.
7 iyundakı seçkidən sonra Türkiyə ciddi terror hadisələriylə üzləşib. Cənubi-Şərq bölgələrində ordunun terrora qarşı apardığı mübarizə öz bəhrəsini verdikcə, terror təşkilatının ordu mənsublarına qarşı hücumları daha da şiddətlənib. Hökumətin təlimatıyla Türkiyə Hərbi Hava Qüvvələri terror təşkilatının Şimali İraqdakı məkanlarını bombardman edərək təşkilatın gücünü xeyli azalda bilib. Türkiyəni sarsıdan 2 qanlı terror hadisəsindən biri iyulun 20-də Suriya sərhədindəki Şanlıurfa vilayətinin Suruç qəsəbəsində (34 nəfər ölüb), ikincisi isə oktyabrın 10-da Ankaradakı dəmiryolu vağzalının qabağında yaşanıb.1 02 nəfər dinc nümayişçinin ölümüylə nəticələnən terror aksiyası Türkiyə tarixinin ən qanlı hadisəsi kimi qeydə alınıb. Suruç və Ankaradakı terror hadisələrinin İŞİD terror təşkilatına mənsub kamikadzelər tərəfindən törədildiyi məlum olub.
İctimai rəy sorğuları 1 noyabrdakı seçkinin təbliğatının taktiki mübarizə üzərində qurulduğunu göstərib. 2 aylıq dönəmdə keçirilmiş rəy sorğuları 7 iyunda parlamentə girmiş 4 partiyanın reytinqlərində əhəmiyyətli dərəcədə dəyişiklik olmadığını nümayiş etdirib. Seçkidən yenə birinci yerdə çıxması gözlənilən AKP-nin əsas hədəfi təkbaşına hökumət qurmaq üçün lazım olan 276 mandat əldə etməkdir. Sadəcə 35 mandatın əl dəyişdirə biləcəyini görən siyasi partiyalar təbliğat mərhələsindəki “dar sahə savaşı”yla o mandatlardan daha çoxuna sahib olmaq üçün çalışıb. Təkbaşına iqtidarı yenidən əldə etməyə çalışan AKP lideri Əhməd Davudoğlu isə seçicilərə maddi təməli çox da sağlam olmayan iqtisadi vədlər verməkdən çəkinməyib. Təmkinli təbliğat dönəmi keçirən CHP-nin bu taktikasını xırda fərqlərlə MHP də təqlid edib. Xüsusilə prezident Ərdoğanın sərt hücumlarına məruz qalan HDP də təbliğat mərhələsində sərt polemikalara girməkdən yayınaraq, xüsusilə, Cənubi-Şərq bölgələrində və başda İstanbul olmaqla bəzi böyük şəhərlərdəki varlığını pərçimləməyə çalışıb.
Seçkidən 2 gün əvvəl Ankaranın Beştəpə səmtindəki prezident sarayında jurnalistlərə açıqlama verən prezident Ərdoğan nəticələr təkbaşına hökumət qurmağı mümkün qılmasa, millətin iradəsinə sayğı duyaraq, koalisiya hökuməti qurulmasına yaşıl işıq yandıracağını deyib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024