Dünya (31-08-2015, 21:27)
Putin rus mafiyasının əli ilə İspaniyada mülk alıb
Rusiya prezidenti Putinin rus mafiyası bosslarından birinin vasitəsilə təşkil olunan sövdələşmə nəticəsində Kosta-del-Solda daşınmaz əmlak almasına dair yeni iddialar səslənir”.
Bu barədə “The Times” qəzeti məlumat yayıb.
Qəzetin müxbiri Qrehem Kelli yazır ki, bu iddialar Putinin yeni mülkləri barədə deyilənləri yenidən gündəmə gətirib.
Bununla belə jurnalist Rusiya prezidentinin ölkəsinin hüdudlarından kənarda bəyannamədən kənar hər hansı əmlakının olmasına dair deyilənləri həmişə qətiyyətlə təkzib etdiyini də xatırladıb.
“Lakin “The Times” müxbirinin bilavasitə görüb oxuduğu, əllə yazılmış qeydlərdə bunlar yazılmışdı: “Sinyor Putin. Malaqada torpaq sahəsi, rus rayonu, yaxud rus yaşayış massivi. Torpaq satın alınmayıb...”” - deyə məqalədə bildirilir.
“2001-ci ildə ispan dilində yazılan həmin arayışda daha sonra, bir qədər aşağıda adı açıqlanmayan şirkətdən bəhs olunur. Söhbət həmin daşınmaz əmlakın sahibi olan şirkətdən gedir. Arayış da elə o şirkət haqdadır. Mətndə həmin torpaq sahəsinə dair hər hansı sövdələşmənin olub-olmamasına dair hər hansı bir eyham və ya işarə yoxdur” - deyə Qrehem Kelli yazır.
Qəzet iddia edir ki, bu arayış ispan polisinin 2008-ci ildə Gennadi Petrova məxsus mülklərdə apardığı axtarış zamanı müsadirə etdiyi sənədlərdən biridir: “Petrov isə Tambov-Malışevsk cinayətkar sindikatına başçılıq edib. İspaniya prokurorlarının elan etdiyi ittiham aktına görə, Putinin yüksək rütbəli siyasi müttəfiqlərindən bir neçəsi Petrovun kriminal imperiyası ilə bağlı olub. Yuxarıda göstərilən və Malaqadakı mülkdən bəhs edən o arayış ispan müstəntiqlər tərəfindən nəzərdən keçirilib, amma ittiham aktında bu sənəd haqda heç nə deyilmir”.
“The Times” Putinin mətbuat katibi Dmitri Peskovdan Rusiya prezidentinin 2001-ci ildə Malaqada mülk almaq istəyi barədə məsələyə münasibət bildirməyi xahiş edib.
“Lakin bu suala cavab ala bilmədik. Cənab Peskov bundan əvvəl Rusiya prezidentinin İspaniyada daşınmaz əmlak alması barədə deyilənləri “tam cəfəngiyat və o qədər də orijinal olmayan zarafat” adlandırmışdı” - deyə “The Times” yazır.
Virtualaz.org